
Bakıda ilk dəfə Dənizkənarı Bulvarda keçirilən su sirki layihəsi “Bir axşam sahildə”nin açılışı baş tutub. Gecədə Xalq artistləri Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Nigar Camal, Aysel Teymurzadə, Mehin Hümbətova, Nuran, Çinarə Məlikzadə, aparıcılar Zümrüd Bədəlova, Hacı Nuran Hüseynov, Samir Bayramlı, Könül Muxtarova və başqaları iştirak edib.
Su, musiqi, texnologiya və emosiyaların bir araya gəldiyi şou tamaşaçıları fərqli bir dünyaya apardı. Şounun əsas xətti romantik və emosional bir hekayəyə əsaslanır. Gecə Bakının bulvarında iki fərqli dünya qarşılaşır: biri azad ruhlu, romantik dəniz adamı, digəri isə öz dünyasının parlaq və əlçatmaz ikonası. Onların arasında sərhədlər, qaydalar və məsafələr olsa da, su, musiqi və şəhər onları birləşdirir. Hadisələr boyu qəhrəmanlar şübhələrdən, daxili seçimlərdən keçərək ən vacib həqiqətə – sevgiyə çatırlar.
Layihənin əsas fərqləndirici xüsusiyyətlərindən biri fəvvarələrin mürəkkəb quruluşuna malik xüsusi su manejidir. Şou proqramında dirəklərdə akrobatlar, “hula-hoop” çıxışları, cüt akrobatlar, jonglyorlar, ekvilibristlər və fəvvarələr fonunda hava gimnastları çıxış edirlər.
Layihənin ulduzları gənc müğənnilər İsmail Zadə və Kəmalə Əliyevadır. Onlar qəhrəmanların hisslərini yaşayaraq hekayənin əsas səslərinə çevrilirlər. Su, musiqi, texnologiya və emosiyaların bir araya gəldiyi şou 5-6 iyun tarixlərində də davam edəcək. Biletləri iticket.az-dan əldə edə bilərsiniz.
