Bakıda "İmza" Qala Gecəsi baş tutdu

Iyunun 9-da Heydər Əliyev Sarayın səhnəsində ilin ən möhtəşəm və nüfuzlu musiqi hadisələrindən biri - Signature Gala Night baş tutdu. Bu unikal gecə dünya klassikasının ən seçilən əsərlərini bir araya gətirərək tamaşaçını incəsənətin zirvəsinə apardı. Azərbaycan, İtaliya, İspaniya və Bolqarıstanın musiqi ənənələri eyni səhnədə birləşərək fərqli mədəniyyətlərin harmoniyasını nümayiş etdirdi. Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Böyük Simfonik Orkestr  möhtəşəm çıxışı ilə tamaşaçıları heyran etdi.

Konsertin birinci hissəsində Azərbaycan səhnəsinin parlaq opera ulduzları: Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov və Çinarə Babayeva çıxış etdilər. Konsertin ikinci hissəsində Beynəlxalq qonaqlar - bolqar qitaraçi Magdalena Kaltcheva, ispan flamenkosunun ulduzları Magdalena Yaneva, Stefan Nicolov və tanınmış italyan qrupu “The İtalian Way” çıxış etdi. Flamenko ritmləri, ehtiraslı rəqs performansları və məşhur italyan hitləri gecəyə xüsusi rəng qatdı.

Eksklüziv səhnə quruluşu, müasir işıq və vizual effektlər, xüsusi hazırlanmış musiqili proqram tamaşaçılara unudulmaz gecə bəxş etdi.