
İyunun 17-də Azərbaycan Milli Xalça Muzeyində finlandiyalı rəssamlar Elina Juopperi və Henna Ahonun əsərlərindən ibarət “Toxunmuş xatirələr” sərgisi açılıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova açıb. O, qeyd edib ki, bu kimi sərgilər, incəsənət və mədəniyyət tədbirləri bizə müxtəlif ölkələrin və xalqların adət-ənənələrini, tarixini, mədəniyyətini və incəsənətini daha yaxından tanımağa imkan yaradır: "Bu, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Mən heç təəccüblənmərəm ki, bugünkü sərgidən sonra iştirakçılardan bəziləri Finlandiyaya səfər etmək, həmin gözəl ölkəni daha yaxından tanımaq və onun zəngin mədəni irsi ilə yerindəcə tanış olmaq qərarına gəlsinlər".
Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri xanım Kirsti Narinen bildirib ki, həm Finlandiya, həm də Azərbaycan dərin toxuculuq ənənələrinə malikdir: "Azərbaycanda xalçalar özündə tarixi, simvolları, ailə yaddaşını və kimliyi daşıyır. Finlandiyada tekstil uzun illərdir ki, gündəlik həyatın ayrılmaz hissəsidir. Evlərdə, kənd mühitində, toxuculuq, hörmə, təmir və yenidən istifadə ənənələrində onun xüsusi yeri var. Bu ənənələr bizə xatırladır ki, tekstil heç vaxt yalnız bəzək məqsədi daşımayıb. O, insanı qoruyur, isidir, insanları bir araya gətirir və kollektiv yaddaşın yaşamasına xidmət edir. Bu sərginin mənim üçün həm də xüsusi və şəxsi dəyəri var. Burada nümayiş olunan bəzi əşyalar öz evimdən gətirilib. Məsələn, sərgidə təqdim olunan parça xalçanı bibimlərdən biri toxuyub. Uşaq vaxtı köhnəlmiş paltarların necə kəsilərək toxuculuq üçün hazırlandığını yaxşı xatırlayıram. Həmin dövrdə heç nə israf olunmurdu. Paltarlar, pərdələr və digər parçalar yeni formada həyatını davam etdirir, öz rənglərini, hekayələrini və ruhunu növbəti nəsillərə ötürürdü. Bu sərgi hamımıza çox gözəl bir həqiqəti xatırladır: yaddaş yalnız kitabların səhifələrində və ya arxivlərdə yaşamır. O, həm də evlərdə, əllərdə, təkrarlanan hərəkətlərdə və sərgi üçün hazırlanmış əşyalarda yaşayır".
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxış edərək sərginin əhəmiyyətindən, Finlandiya və Azərbaycanın zəngin tekstil ənənələrinin xalqların mədəni yaddaşının formalaşmasındakı mühüm rolundan danışıb.
Sərgi tekstilə yalnız irs nümunəsi kimi deyil, həm də yaddaşın ötürülməsi və qorunması vasitəsi kimi yanaşır. Burada tekstil biliklərin, qayğının, genderləşdirilmiş əməyin, məişət təcrübələrinin və insanın təbiətlə münasibətlərinin nəsillər arasında daşınan canlı və dinamik infrastrukturu kimi təqdim olunur.
Elina Juopperi şəffaf ipək və ənənəvi raanu (palaz) texnikası ilə işləyərək yox olmaq təhlükəsi altında olan dillərin, landşaftların və gündəlik qayğı hərəkətlərində gizlənən kövrək formaların davamlılığını göstərir. Henna Aho isə toxunma əsaslı heykəltəraşlıq strukturları vasitəsilə təkrar yığım və kollektiv yaradıcılıq anlayışlarını araşdıraraq tekstili gərginlik, ağırlıq və davamlılıq məkanına çevirir. Rəssamların əsərləri birlikdə yoxa çıxma və davamlılıq, yaxınlıq və struktur arasında hərəkət edir. Burada tekstil sadəcə maddi obyekt deyil, bədənlərin, jestlərin, naxışların və əmək izlərinin zaman boyunca ünsiyyət qurduğu bir interfeys və yaddaş protokolu kimi çıxış edir.
Ekspozisiyada Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri xanım Kirsti Narinenin ailə kolleksiyasından seçilmiş məişət tekstili nümunələri də təqdim olunur. Sərgi Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilir. Sərginin tərəfdaşları isə Frame Contemporary Art Finland, Helsinki Beynəlxalq İncəsənət Proqramı, EMMA – Espoo Müasir İncəsənət Muzeyi, kuratoru Könül Rəfiyevadır.
“Toxunmuş xatirələr” sərgisi avqustun 16-dək davam edəcək.








