“Mən Feyerbaxam” Milli Gənc Teatrın səhnəsində

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” adlı monotamaşanın nümayişi keçirilib. Səhnə əsərində baş rolu Əməkdar artist Şövqi Hüseynov ifa edib. Psixoloji dram janrında qurulan tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskovdur.

Feyerbax adlı aktyor uzun illər ruhi xəstəxanada yatdıqdan sonra müalicə olunub yenidən çox sevdiyi teatra qayıtmaq qərarına gəlir. O, aktyorluğa həvəslidir və teatrı bir nemət kimi qəbul edir. O, aktyorların yoxlanılması və 7 il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq üçün yenidən səhnəyə çıxır. Vaxtilə birgə işlədiyi rejissorları görmək ümidi ilə səhnəyə çıxsa da, qarşısında onları görməz olur.

Alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanan monotamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.