“Shahin Novrasli Festival”ın bağlanışı

Beşinci “Shahin Novrasli Festival”ı Braziliya musiqisinin canlı konserti ilə başa çatıb. Bağlanış mərasimi Qoşa Qala qapısının yaxınlığındakı açıq hava səhnəsində baş tutub və tədbiri əsl Braziliya karnavalına çevirib. Bu il festival bütövlükdə İçərişəhərdə keçirilib. Tədbirdə Bakı sakinləri və qonaqları, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və media nümayəndələri bir araya gəlib. Tədbir başlamazdan əvvəl “Shahin Novrasli Festival”ın təsisçisi və direktoru, tanınmış caz piano ifaçısı və Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli tamaşaçıları salamlayıb və festivalın keçirilməsini dəstəkləyən bütün sponsorlara, tərəfdaşlara və dostlara təşəkkür edib.

Qoşa Qala qapısının yaxınlığındakı səhnədə braziliyalı sənətçilər WINCK (vokal), Ayzek Camba (zərb alətləri), David Oliveyra (bas gitara), Luan Barbosa (milli zərb alətləri) və rəqqasə Ayşa çıxış etdilər. WINCK güclü və məxməri səsi ilə tanınan braziliyalı vokalçı və mahnı müəllifidir. Onun üslubu pop, caz, R&B və Braziliya motivlərini mükəmməl şəkildə birləşdirir.

Shahin Novrasli Festivalı 3 iyul Nomade və Jozefina Bekerin Latın Amerikası musiqisindən ibarət coşğun konsertlə başladı. 9 iyul festival çərçivəsində Azərbaycanın Əməkdar artisti Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi. Şahin Növrəslinin konserti festivalın kulminasiya nöqtəsi və hər bir kompozisiyanın səhnədə yenidən doğulduğu əsl caz improvizasiyasının təntənəsi idi. Musiqiçi klassik texnikanı mütləq yaradıcı ifadə azadlığı ilə ustalıqla birləşdirərək tanış mövzuları tamaşaçılarla canlı musiqi dialoquna çevirdi. Şahin Növrəslinin incə lirik intonasiyalardan sürətli, virtuoz parçalara asanlıqla keçdiyi improvizasiya epizodları xüsusilə təsirli idi.

Yubiley - beşinci “Shahin Novrasli Festival”da müxtəlif musiqi janrlarından ibarət geniş proqram təqdim olunub. Konsertlərdə həm Azərbaycan sənətçiləri, həm də Latın Amerikası ölkələri, Türkiyə, Gürcüstan, Fransa, Macarıstan, Rumıniya və İsraildən olan tanınmış musiqiçilər çıxış ediblər. Festivalın xüsusi qüruru olan layihələrdən “We are the Future” çərçivəsində istedadlı uşaqlar peşəkar klassik musiqiçilərlə yanaşı çıxış etdilər və “Mirsamad Novrasli & Friends” layihəsində səhnəyə gənc caz ifaçıları çıxıblar.

Shahin Novrasli Festival 2026 həmçinin festival yarmarkası, gündəlik DJ setləri, gənc istedadların konserti, ədəbi müsabiqə və cem sessiyaları da təqdim etdi.