
Sentyabrın 10-da Azərbaycan Dövlət Musiqili teatrın səhnəsində Azərbaycan Respublikanın Xalq artisti, professor Mobil Əhmədovun əziz xatirəsinə və 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı keçirilib.
Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış opera ifaçısı Ramil Qasımovun təqdimatında Konsertdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının simfonik orkestri, xoru və solistləri iştirak edib. Dirijor: Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev. Gecədə Hacı Xanməmmədovun, Rauf Hacıyevin, Arif Məlikovun,Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Səid Rüstəmovun və Əşrəf Abbasovun ölməz əsərləri səslənib.
Əməkdar artist Ramil Qasımov Dövlət Uşaq Filarmoniyasının vokal şöbəsində Mobil Əhmədovun sinfində dərs alıb. O, Mobil Əhmədovun həyat və yaradıcılığını əks etdirən “Ustada ehtiramla” kitabın müəlifidir. Azərbaycan teatr və musiqi sənətinin parlaq simalarından biri olan Mobil Əhmədov yalnız aktyor və vokal ifaçı kimi deyil, eyni zamanda rəssam və pedaqoq kimi də zəngin yaradıcılıq yolu keçib. Büllur kimi təmiz tenor səsi, geniş səs diapazonu, zərif plastika və dərin aktyor duyumu ilə seçilən sənətkar Azərbaycan musiqili teatrının inkişafında özünəməxsus iz qoyub. Onun səhnədə yaratdığı obrazlar, ifaları, rəssamlıq əsərləri və pedaqoji fəaliyyəti sənət irsinin mühüm hissəsinə çevrilib.





