
Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi "Joussour des Arts et de la Créativité" Mərakeş Assosiasiyası tərəfdaşlığı ilə 10-14 sentyabr Azərbaycanda Mərakeş İrsi Günlərinə ev sahibliyi edərək Mərakeşin rənglərini, səslərini, dadlarını və sənətkarlığını Bakının mərkəzinə gətirdi.
Mərakeş İrsi Günlərinin açılışını Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş etdi. "İlk növbədə, Mərakeşdəki “Joussour” İncəsənət və Yaradıcılıq Assosiasiyasına və xüsusilə onun prezidenti Şərifə Lalla Fatim Zohraya bu layihəni həyata keçirmək istiqamətində göstərdiyi həvəs, fədakarlıq və əzmkarlığa görə səmimi təşəkkürümü bildirmək istərdim. “Joussour” adı özlüyündə gözəl bir mesaj daşıyır. Bu söz ərəb dilində “körpülər” mənasını verir. Coğrafi cəhətdən bir-birindən uzaq, lakin tarixlərinə, ənənələrinə, mədəni kimliklərinə və zəngin irslərinə olan dərin bağlılıqla birləşən iki ölkə — Mərakeş və Azərbaycan arasında körpülər. Mərakeş həmişə körpülər diyarı olmuşdur. Ölkəmiz əsrlər boyu sivilizasiyaların, mədəniyyətlərin və ənənələrin qovuşduğu bir məkan olmuşdur. Bu misilsiz müxtəliflik, Mərakeş Konstitusiyasında da təsbit olunduğu kimi, Mərakeş kimliyinin əsas güc mənbələrindən birini təşkil edir. Əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən rəhbərliyi altında Mərakeş öz mədəni irsinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə böyük önəm verir, eyni zamanda müasir bədii yaradıcılığı dəstəkləyir", canab səfir vurğuladı.
Tədbir zamanı Krallığın mədəni irsinin ən rəmzi təcəssümlərindən biri olan Mərakeş kaftanlarının nümayişi olundu. Mərakeş kaftanı Mərakeş kimliyinin, sənətkarlığının və yaradıcılığının canlı təzahürü hesab olunur. Əsrlərlə ölçülən bir tarixə malik olan bu geyim, Fatim-Zəhra Filali İdrisi kimi müasir dizaynerlərin fəaliyyəti sayəsində daim təkamül edir. Onun 2025-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi, bu irsin zənginliyinin və canlılığının mühüm bir etirafıdır.
Tanınmış mərakeşli fotoqraf və vizual rəssam Məhəmməd Tazi Mərakeşin ən məşhur atçılıq ənənələrindən birinin bədii təqdimatını əks etdirən “Tbourida, The Living Heritage” (“Tbourida – Yaşayan irs”) adlı fotosərgisini təqdim etdi. Sərgidə Tburida ənənəsinə həsr olunmuş 16 fotoşəkil nümayiş olundu. UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən Tburida Mərakeşin milli və mədəni kimliyində xüsusi yer tutur.
İçərişəhərdə üç gün davam edən tədbirdə ziyarətçilər Mərakeş mədəniyyəti, milli dadlar və Şərq atmosferi ilə tanış ola bildilər. Tədbir çərçivəsində əl işləri və xüsusi məhsulların satışı, müxtəlif yeməklər və milli mətbəx nümunələri, canlı musiqi və masaüstü oyunlar təqdim olundu.





