
Şirvanşahlar Sarayında – Divanxananın mərkəzində "The Breeze of Baku" ("Bakı mehi") adlı immersiv etnik şou təşkil olunub. Bu immersiv tamaşa "Jam SS Art Lab" tərəfindən təqdim edilib. Divanxananın qəlbində gizlənən mistik tarix tamamilə yeni formatda təqdim olundu. Bu tamaşada doğma şəhərimizin əsrlərdir susan daşları dilə gəldi. Hər gün yanından keçdiyimiz, tarixin sirrini qoruyan o qədim divarlar bu dəfə qapılarını tam fərqli bir aləmə açdı. Tamaşaçılar müqəddəs İçərişəhərin qoynunda, Dədə Qorqudun əfsanəvi nidası ilə zamanın dayandığı ana şahidlik etdi.
Bakının xarakterini formalaşdıran iki əbədi qüvvənin — əzəmətli Xəzri ilə sehrkar Gilavarın Divanxana daxilindəki mistik savaşı tamaşıçıların gözlərinin qarşısında canlandı. Xəzri — Şimalın o barışmaz, buzlu gücü; sərt nizamı və kölgələrdən doğan güclü, kəskin traybl ritmləri ilə məkanı lərzəyə gətirdi. Gilavar — Cənubun və Şərqin o doğma, ipək zərifliyi; zəfəran ətri və poeziyanın mistik axını ilə hamının ruhunu oxşadı.
Şəhərin taleyi bu iki küləyin arasında qaldıqda isə, əfsanəvi Simurqun alovu bütün ünsürləri möhtəşəm bir harmoniya ritualında birləşdirdi. Tamaşaçılar alışdığı nağara ritmlərinin müasir və ekspressiv xoreoqrafiya ilə unikal toqquşmasını, «Sarı Gəlin»in hər kəsə doğma olan və ürəkləri titrədən sədalarının əsrlərin yadigarı olan tağlar altında necə əks-səda verdiyini tam fərqli bir rakursdan hiss etdi.
Divanxananın qədim divarlarının canlandığı, dramatik memarlıq işıqlarının qaranlığı dastanların rəngləri ilə boyadığı canlı və nəfəs alan performans hamının zövgünə oxşadı.



