Baku Jazz Festival 2026

Oktyabrın 3-də “Elektra Events Hall” konsert zalında XXI Bakı Caz Festivalının təntənəli açılış mərasimi keçirilib. Festivalın ilk günündə tanınmış azərbaycanlı caz ifaçıları – Bakı Caz Festivalının təsisçisi, saksofonçu Rain Sultanov və istedadlı pianoçu İsfar Sarabski  Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə birlikdə çıxış edib. Konsertin ikinci hissəsində Fransadan gələn “FR33 ROOTS” qrupu iştirak edib.“FR33 ROOTS” qrupu - Afrika ritmlərinin, dünya musiqisinin, caz imrovizasiyasının və müəsir groove-un bir araya gəldiyi, tamaşaçı ilə birbaşa enerji mübadiləsi yaradan canlı musiqi layihəsidir.

Tədbirdə yalnız Azərbaycan cazını yayımlayan və yaxın vaxtlarda fəaliyyətə başlamış yeni onlayn caz radiosunun təqdimatı keçirilib.

XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakıda və şəhərdən kənarda keçiriləcək. Bu il festivalda 10-dan çox ölkədən sənətçilər iştirak edir (Azərbaycan, Fransa, Rumıniya, İtaliya, Polşa, Almaniya, Belçika, Norveç, Türkiyə, İran). Caz həvəskarlarını maraqlı konsertlər, film nümayişləri, master-klasslar və cem-seyşnlər gözləyir. Festivalın son iki günü açıq havada – İçərişəhərdə, Qız qalasının yaxınlığında keçiriləcək. Açıq hava konsertlərinə giriş sərbəstdir.