
7 oktyabr Azərbaycan Milli İncəsənət Muzeyində media nümayəndələri üçün press-tur keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən press-tur çərçivəsində media nümayəndələri muzeyin fəaliyyəti, ekspozisiyaları və hazırda nümayiş olunan sərgilərlə yaxından tanış olublar. Qonaqlar Azərbaycan incəsənətinin müxtəlif dövrlərini əhatə edən “Azərbaycan incəsənəti xəzinəsi”, 1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiyaları və “Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” səgisini ziyarət edərək muzeyin kolleksiyasında qorunan sənət əsərləri haqqında məlumat əldə ediblər.
Tədbirin davamında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova ilə görüş keçirilib. Görüş zamanı muzeyin fəaliyyəti, həyata keçirilən layihələr, yeni mövsümün əsas istiqamətləri və qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslər barədə məlumat verilib. Media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Press-tur proqramının sonunda fotoqraf Rauf Əskəri Nəsirovun “Əksetmə” adlı ilk fərdi fotosərgisinin açılış mərasimində iştirak edilib. Sərgidə müəllifin müxtəlif illərdə ərsəyə gətirdiyi 50-yə yaxın fotoəsər nümayiş olunur.
Press-tur media nümayəndələrinin Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyəti, kolleksiyaları, ekspozisiyaları, sərgi layihələri və qarşıdakı planları ilə daha yaxından tanış olmalarına imkan yaradıb.







