
Türkmənistanın Müstəqilliyinin 35-ci İldönümü ilə bağlı Türkmənistanın ölkəmizdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə öncə Azərbaycan və Türkmənistanın dövlət himnləri səsləndirilib.
Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmməd Elyasov ölkəsinin daxili və xarici siyasət prioritetləri, eləcə də Azərbaycanla dinamik inkişaf edən ikitərəfli münasibətlər barədə ətraflı məlumat verib. Səfir Q.Elyasov vurğulayıb ki, müstəqilliyini qazandıqdan sonra Türkmənistan dünya ölkələri ilə siyasi-diplomatik, ticarət-iqtisadi, eləcə də mədəni və humanitar əlaqələri uğurla inkişaf etdirir. Ölkənin xarici siyasət strategiyası 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş həmişəlik bitərəflik statusuna əsaslanır. Prezident Sərdar Berdımuhaməddovun rəhbərliyi altında bu siyasət regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsinə xidmət edir.
Çıxışda Türkmənistanla Azərbaycan arasında mövcud olan münasibətlərin qardaşlıq, mehriban qonşuluq və etibarlı tərəfdaşlıq prinsipinə söykəndiyi qeyd olunub. Hər iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini fəal şəkildə dəstəklədiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın əsas istiqamətləri sırasında aşağıdakılar xüsusi qeyd edilib: “Avropa və Asiya arasında unikal mədəni-siyasi körpü rolu oynayan Xəzər regionunda iki ölkənin zəngin enerji və təbii resursları birgə strateji layihələrin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya ikitərəfli ticarət və iqtisadi əlaqələrin səmərəli idarə olunmasında mühüm mexanizm rolunu oynayır. Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Asiya ilə Avropa arasında yük daşımaları üçün əsas dəhlizlər olmaqla Xəzər dənizini mühüm logistika mərkəzinə çevirir”.
Səfir qeyd edib ki, Prezident Sərdar Berdımuhaməddovun 2026-cı ilin 22–23 iyun tarixlərində Azərbaycana ikigünlük dövlət səfəri ikitərəfli münasibətlərə yeni təkan verib. “Səfər çərçivəsində mühüm sənədlər imzalanıb, həmçinin Azərbaycan tərəfindən Türkmənistana “Dostluq” neft tankeri hədiyyə olunub. Ölkələrimiz Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının Məşvərət Görüşü çərçivəsində fəal əməkdaşlıq edir. Türkmənistanın 2026-cı ildə bu formatda sədrliyi dialoq platformasının əhəmiyyətini daha da artırır”.
Diplomat qeyd edib ki, iki xalq arasında mənəvi və mədəni bağlılıq yüksək səviyyədədir. Ötən il Bakı və Gəncədə Türkmənistan Mədəniyyət Günləri, bu ilin iyun ayında isə Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyət Günləri təşkil olunub. Həmçinin humanitar sahədə növbəti addımlar və layihələr vurğulanıb: “Arkadağ və Füzuli şəhərləri arasında qardaşlıq münasibətləri qurulub. Füzuli şəhərində Türkmənistan tərəfindən yeni məscidin tikintisi davam etdirilir və onun açılışının 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlində keçirilməsi nəzərdə tutulur. Heydər Əliyev Fondu və Qurbanqulu Berdıməhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə Türkmənistanda noyabrın ortalarınadək davam edəcək “Ana təbiət” (MAMA) adlı Beynəlxalq sərgi açılacaq”. Səfir Q.Elyasov nitqinin sonunda Türkmənistan-Azərbaycan dostluq və strateji tərəfdaşlığının hər iki xalqın rifahına və regionda sabitliyin möhkəmlənməsinə xidmət etməyə davam edəcəyini bildirərək qonaqlara təşəkkürünü çatdırıb.
Azərbaycan hökuməti adından çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ötən 35 ildə Türkmənistanın dayanıqlı və dinamik inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər əldə etməsi qardaş ölkə olaraq Azərbaycanı sevindirir. “Azərbaycanla Türkmənistanı ortaq tarix, mədəniyyət, dostluq və qardaşlıq əlaqələri birləşdirir. Dövlət başçılarımız arasındakı yüksək etimad, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və mütəmadi yüksək səviyyəli qarşılıqlı səfərlər tərəfdaşlığımızın inkişafında xüsusi rol oynayır. Bu ilin 22–23 iyun tarixlərində Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov ölkəmizə dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə, o cümlədən iqtisadi əməkdaşlığa dair mühüm sənədlər imzalanıb, dövlət başçıları Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə tanış olublar. Türkmənistan xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri cənab Qurbanqulu Berdıməhəmmədov təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən məscid qardaş xalqlarımız arasındakı dostluğun rəmzidir” deyən nazir bildirib ki, 8–9 oktyabr tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib. Bu, cənab Qurbanqulu Berdıməhəmmədov tarixi təşəbbüsü və qardaş Mərkəzi Asiya ölkələrinin yekdil dəstəyi ilə ölkəmizin formatın tamhüquqlu üzvü kimi qatıldığı ilk Məşvərət görüşü idi. Bu görüş ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm platformadır.
Nazir bildirib ki, Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlıq artıq yalnız ticarətin artırılması ilə məhdudlaşmır. Yeni mərhələ birgə investisiyalar, istehsal və xarici bazarlara çıxışın genişləndirilməsidir. Bunun üçün möhkəm baza mövcuddur. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə Mərkəzi Asiya kapitallı 400-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycanın Türkmənistanla iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən nazir bildirib ki, ölkələrimizin mövcud iqtisadi potensialı yeni perspektivlərin araşdırılması və əməkdaşlığın şaxələndirilməsi üçün zəmin yaradır.
“Birgə Hökumətlərarası Komissiya ikitərəfli münasibətlərdə mühüm platforma olaraq, əməkdaşlığımızın genişlənməsini stimullaşdırır. Komissiyanın iyul ayında Aşqabadda keçirilən 9-cu iclasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi barədə məhsuldar müzakirələr apardıq. Enerji əməkdaşlığımız ən mühüm istiqamətlərdən biridir. Türkmənistan nefti Azərbaycan ərazisindən dünya bazarlarına nəql olunur. Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır” deyən M.Cabbarov qeyd edib ki, Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında əsas rol oynayır. Tranzit daşımalarının həcmi ilbəil artır. Türkmənistanda müasir nəqliyyat infrastrukturu mövcuddur. Həmçinin, ölkəmiz dəniz limanına, dəmir yoluna və digər logistik infrastruktura böyük investisiyalar yatırıb. Bu istiqamətdə səylərimizin region üçün böyük fayda gətirəcəyinə inanırıq.
Tədbir qeyri-rəsmi hissə ilə davam edib. Qonaqlara türkmenistan və azərbaycan mətbəxlərindən olan təamlar və konsert proqramı təqdim olunub.




