Azərbaycanın ilk Numizmatika Muzeyi

İçərişəhərin tarixi memarlıq irsinə yeni və mühüm bir mədəni məkan əlavə olunub. XII əsrdə (1171-ci ildə) ustad Aşur tərəfindən inşa edilmiş ölkə əhəmiyyətli memarlıq abidəsi – "Aşur" məscidində Azərbaycanın ilk Numizmatika Muzeyi fəaliyyətə başlayıb. Muzey Azərbaycan ərazisində aşkar olunmuş və eramızdan əvvəl III əsrdən XX əsrə qədər müxtəlif dövrləri əhatə edən nadir sikkə kolleksiyasını ilk dəfə sistemli ekspozisiya şəklində ictimaiyyətə təqdim edir. Muzeyin açılış mərasimində çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, yeni muzey yalnız eksponatların nümayiş olunduğu məkan deyil, eyni zamanda numizmatika sahəsində elmi-tədqiqatların aparılacağı, seminar və konfransların keçiriləcəyi, şəxsi kolleksiyaların təqdim olunacağı müasir elmi-mədəni platforma kimi fəaliyyət göstərəcək.

Yeni yaradılan məkan Azərbaycanın dövlətçilik tarixinin, zəngin maddi-mədəni irsinin və çoxəsrlik pul dövriyyəsinin elmi əsaslarla araşdırılması, qorunması və geniş ictimaiyyətə təbliği baxımından çox əhəmiyyətlidir. Yeni ekspozisiyada nümayiş etdirilən 200-dən çox nadir sikkə arasında Roma, Parfiya, Qədim Yunanıstan, Ərəb Xilafəti, Monqol imperiyası, Prussiya, İngiltərə, Rusiya və Azərbaycanın müxtəlif tarixi dövlətlərinə aid pul nümunələri yer alır. Bu eksponatlar Azərbaycanın əsrlər boyu beynəlxalq ticarət yollarında oynadığı rolu, müxtəlif sivilizasiyalarla iqtisadi əlaqələrini və pul dövriyyəsinin inkişaf tarixini əks etdirən mühüm maddi mənbələrdir. Muzey konsepsiyası hazırlanarkən tarixi məkanın memarlıq xüsusiyyətləri tam qorunub saxlanılıb və ziyarətçilərə həm nadir numizmatik kolleksiya, həm də XII əsr memarlıq irsi vəhdət şəklində təqdim olunur.

Muzey təkcə sərgi məkanı kimi deyil, həm də elmi araşdırmalar platforması kimi fəaliyyət göstərəcək. Bu məqsədlə muzeyin nəzdində yaradılmış Məşvərətçi Komitə numizmatika sahəsində elmi tədqiqatların genişləndirilməsinə, kolleksiyanın zənginləşdirilməsinə və gənc tədqiqatçıların dəstəklənməsinə xidmət edəcək.