Qəlblərimizdə yaşayanlar

Beynəlxalq Muğam Mərkəzində “Qəlbimizdə yaşayanlar” adlı konsert keçirilib. Konsert Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində baş tutub. Bu xüsusi gecə qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Səhnədə musiqinin dili ilə Vətənə məhəbbət, qəhrəmanlıq və əbədi xatirə tərənnüm edilib.

Konserti şəhid övladlarından ibarət “Qəhrəman övladları” uşaq xoru açıb. Xor Bakı Musiqi Akademiyasının professoru, Qara Qarayev adına Uşaq İncəsənət Məktəbinin direktoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın rəhbərliyi ilə səhnəyə çıxıb. Xalq artisti Fidan Haciyeva şəhid ailələrindən olan uşaqlarla birlikdə Könül Hüseynovanın Xalq şairi Vahid Əzizin sözlərinə bəstələdiyi “Şuşam mənim” mahnısını ifa edib.

Konsert proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində gənc opera solistləri, “Mezzo” uşaq xorunun ifaçıları, eləcə də “Mezzo” qadın kamera orkestri çıxış ediblər.