Hüseyn Cavidin "Ana" tamaşası Azdramanın səhnəsində

Oktyabrın 26-da Naxçıvan Dövlət Milli Dram Teatrı Hüseyn Cavidin "Ana" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib. Tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Naxçıvan Dövlət Milli Dram Teatrı arasında imzalanmış Əməkdaşlıq Memorandumunu çərçivəsində nümayiş etdirilib. Tamaşadan öncə qonaqlar teatrın qarşısında xatirə şəkli çəkdirib və teatrın binası ilə tanış olublar. Akademik Milli Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət işçisi İlham Əsgərov Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Ələkbərovla və teatrın yaradıcı heyəti ilə görüşüb. Görüşdə bu səfərin iki teatrın arasında yaradıcılıq imkanlarının artırılması baxımından vacibliyi vurğulanıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Milli Dram Teatrının ifasında nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səyyad Bayramov, rejissor assistenti Leyla Yaqubova, musiqi rəhbəri isə Hüseyn Nağıyevdir. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsasında, Hüseyn Nağıyevin rəhbərliyi ilə üç fərqli və müasir versiyada hazırlanıb. Əsərdə xalq artisti Yasəmən Ramazanova, eləcə də gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, Saynur Babayev, Əlizamin Abbasov, Ələsgər Quliyev, İsmayıl Mirzəcanov və Seyfəddin Məmmədli çıxış edirlər.

Tamaşanın mövzusu ana məhəbbəti, insanlıq, vətənpərvərlik və mənəvi dəyərlər üzərində qurulub. Əsərdə ana obrazı fədakarlığın, mərhəmətin, saf sevginin və ən əsası humanistliyin rəmzidir. Tamaşanın gedişatında Səlma ana öz oğlunun qatilini öldürmür, cəzasın vermir, əksinə onu bağışlayır. Və düşünür ki, əgər öldürsəm oğlumun ruhu mənə nifrət edər. Beləcə, bu tamaşa özündə sevginin, vicdanın və humanistliyin xətlərini birləşdirir.

Tamaşadan sonra Akademik Mİlli Dram Teatrının direktoru İlham Əsgərov Naxçıvan Dövlət Milli Dram Teatrı direktoru Mir Qabil Əskərova qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.