Lev Dodinin “Qağayı” tamaşası Bakı səhnəsində nümayiş olunub

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun “Qağayı” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva tamaşaya baxıblar.

Görkəmli rejissor Lev Dodin uzun illərdir Çexov dramaturgiyasına müraciət edir. Tamaşa klassik əsərin daha dərin və özünəməxsus təfsiridir. Tamaşada Çexovun sənət və həyat haqqında fəlsəfi düşüncələri əsərin dramaturji quruluşuna üzvi şəkildə daxil edilir. Dodinin növbəti Çexov dünyasını yaratdığı aktyor ansamblı da möhtəşəmdir: İqor Çerneviç – Triqorin, Yelizaveta Boyarskaya – mürəkkəb, təsirli və qeyri-adi Arkadina, Sergey Kurışev – Sorin, Anna Zavtur – Zareçnaya, Yevgeni Zayfrid – Treplev, Oleq Ryazantsev – Medvedenko, Polina Sevastyanixina – Maşa obrazında çıxış ediblər. Tamaşanın quruluşçu rəssamı və geyim üzrə rəssamı Aleksandr Borovskidir.

Müasir səhnənin ən görkəmli rəssamlarından biri olan Aleksandr Borovskinin metaforik səhnə tərtibatı – səhnə-göl obrazı və yırğalanan qayıqlar – Çexovun varlığın kövrəkliyi haqqında düşüncəsini təcəssüm etdirir.

Dodinin sözlərinə görə, onun “Qağayı” tamaşası, xüsusilə də, sənət adamlarına və sənətdəki həyata həsr olunub: “Birdən-birə söhbətin sənətkarlardan – həyatı xüsusilə həssaslıqla duyan, ona özünəməxsus şəkildə və hər dəfə, deyərdim ki, bütün varlığı ilə reaksiya verən insanlardan getməsi önəm qazandı. Əslində, bu tamaşa daha çox özümüz haqqındadır – bu gün düşündüklərimiz, qarşılaşdığımız suallar, məsuliyyətimiz və məsuliyyətsizliyimiz haqqında”.

Qeyd edək ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı ikinci dəfədir keçirilir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan BIAF-2026-nın proqramında konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, incəsənət xadimləri ilə görüşlər və ustad dərsləri də daxil olmaqla, 20-dən çox tədbir yer alıb.