Meksika səfirliyi "Ölülər Günü"nü qeyd edib

Bakıda Meksika səfirliyi "Ölülər Günü" münasibətilə tədbir keçirib. Tədbirfə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero "Ölülər Günü"ndən bəxs edib:

"Meksikada "Ölülər Günü" noyabrın 1-də qeyd olunur. Həmin gün biz dünyadan köçən əzizlərimizi yad edirik. Amma kədərli hissələrə qapılmırıq, yalnız ümidlə yaşayırıq. Yəni dünyasını dəyişən əzizlərimizin bu gün istiliyini hiss edir və sanki yenidən onların yanımızda olduqlarını duyuruq. Məhz elə buna görə də həmin günə aid bir sıra nümunələr və əşyalar təqdim olunur. ​Bununla bağlı  hazırlanan bir neçə qatdan ibarət altar yerlə göyün qatlarını simvolizə edir. Ən son qat isə cənnəti tərənnüm edir. Bilirsiniz ki, adətə görə, dünyasını dəyişən əzizlərimizin ruhlarını yad etmək və ruhları şad olsun deyə, vaxtilə xoşladıqları əşyaları, təamları burada sərgiləyirik. Maraqlısı odur ki, bu ilin altarı həm yerli Azərbaycan ustaları tərəfindən işlənib, eyni zamanda birbaşa Meksikadan gətirilən əşyalarla zənginləşdirilib. Meksikadan bu günlə bağlı xüsusi posterlər də göndərilib. Bu posterlərdə həyatla ölüm arasında heç bir sərhədin olmadığını açıq şəkildə görə bilərsiniz. Ümidvaram ki, bu gözəl ənənə hər zaman sizin tərəfinizdən də rəğbətlə qarşılanacaq".

Sonda iştirakçılara Meksika şirniyyatları təqdim edilib. Sərgi bir həftə ərzində nümayiş olunacaq.