
İkinci dəfə keçirilən “Baku Art Weekend” (“Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy”) festivalı 30 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Bakıda baş tutub. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib. Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində rəsmi açılış mərasimi olub. Heydər Əliyev Mərkəzində Amerikalı rəssam Cudi Çikaqonun (Judy Chicago) "What If Women Ruled the World?", italiyalı rəssam Mikelancelo Pistolettonun (Michelangelo Pistoletto) "Mirror of Eternity" əsərləri və digər beynəlxalq, yerli layihələr təqdim olunub. Müxtəlif muzeylərdə, sərgi salonlarda, şəhərin müxtəlif mədəniyyət ocaqlarında, o cümlədən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində multidissiplinar layihələr və sərgilər təşkil olunub.
"QGALLERY" də “Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunub. “Yaddaşdan ötə” sərgisində Faiq Əhmədin “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində yaratdığı “Eskizdən xalçaya” kolleksiyasından və Fərid Rəsulovun “Azərxalça” ASC ilə birgə ərsəyə gətirdiyi “Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları” kolleksiyasından xalçalar nümayiş olunub. Festival çərçivəsində "Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin çox maraqlı “Meyvələr” kolleksiyasını təqdim etdi. Rəssamlar Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyası ənənəvi Azərbaycan xalçaçılığını müasir bədii yanaşma ilə birləşdirir. Rəssamların əsərlərində xurma və nar motivləri yaddaş, milli ənənələr, bolluq və bərəkət anlayışlarını ifadə edir.
Tanınmış rəssam Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olundu. Aydan Salahovanın yaradıcılığında heykəltəraşlıq və rəngkarlıq əsas yer tutur. “Qız Qalası” layihəsində bu iki sənət sahəsi sərgi məkanı ilə dialoq yaradaraq vahid bədii mühit formalaşdırır. Əsərlər və muzeyin memarlığı sərgi təcrübəsinin ayrılmaz hissəsinə çevrilir, tamaşaçıya tanış mədəniyyət simvolunu yeni vizual və emosional müstəvidə qavramaq imkanı verir.
“Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy” festivalının məqsədi Müasir incəsənəti, milli irsi, təbiəti, biomüxtəlifliyi və gələcək vizyonunu birləşdirən sərgi, performans və müzakirələrdən ibarət şəhərmiqyaslı yaradıcılıq platforması yaratmaqdır.




