
28 oktyabr – 8 noyabr 2026-cı il tarixlərində Bakıda İkinci Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) keçirildi. Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival rəqs, dram, musiqi və kino sahələrini əhatə edən 20-dən çox tədbiri bir araya gətirdi. Festival proqramında Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər və yaradıcı kollektivlər iştirak etdi.
Bu il festival proqramında beynəlxalq səviyyədə tanınmış sənətçilərlə azərbaycanlı incəsənət xadimləri və mədəniyyət müəssisələri arasında əməkdaşlığa xüsusi diqqət yetirildi. Bu əməkdaşlıqlara Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Kamera Orkestri daxildir. Festivalın tədbirləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Milli Dram Teatrı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Daş Salnamə Muzeyi, İçərişəhər və digər məkanlarda baş tutdu.
BIAF 2026 28 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dmitri Şostakoviçin anadan olmasının 120 illiyinə həsr olunmuş konsertlə açıq elan olundu. Həyatı və yaradıcılığı Azərbaycanla sıx bağlı olan, ölkənin bəstəkarlıq məktəbinin formalaşmasına birbaşa təsir göstərən Şostakoviçin “Fortepiano, truba və orkestr üçün 1 nömrəli konsert”i 1934-cü ildə bəstəkarın özü tərəfindən məhz bu səhnədə ilk dəfə ifa olunub. Əsəri dövrümüzün texniki baxımdan ən parlaq və özü sənətkarlıq baxımından maraqlı pianoçularından biri Lukas Geniuşas və norveçli truba ifaçısı Tine Tinq Helset təqdim edəcək. Konsertdə Bakı Dövlət Kamera Orkestri və BIAF Festival Orkestri çıxış edəcək. Orkestrə Bakıda doğulmuş skripkaçı və dirijor Dmitri Sitkovetski rəhbərlik etdi.
30 oktyabr tarixində Cənubi Afrikadan olan Uilyam Kentridcin “Başqa bir dünyaya inanmaq” əsəri Şostakoviçin 10-cu simfoniyasına canlı vizual interpretasiya təqdim olundu. Əsərdə bəstəkarın Bakıdakı tələbəsi, pianoçu və bəstəkar Elmira Nəzirovaya olan gizli məhəbbətinin izləri öz əksini tapır. Festival Orkestrinə Dmitri Sitkovetski dirijorluq etdi. Proqramın ikinci hissəsində Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzuları əsasında fortepiano və orkestr üçün konsert”i səslənəcək. Əsəri hər iki bəstəkarı şəxsən tanıyan, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ifa etdi.
4 noyabr tarixində Heydər Əliyev Mərkəzində məşhur skripkaçı Devid Qarret çıxış etdi. “Culyard” məktəbinin məzunu, “pop musiqinin Paqaninisi” kimi tanınan sənətçi "Millennium Symphony" layihəsini təqdim etdi. Konsertdə son 25 ilin ən məşhur hitlərinin skripka üçün simfonik aranjimanları səsləndi.
Festivalın teatr proqramı Lev Dodinin quruluşunda, Anton Çexovun “Qağayı” əsərinin “Maly” Dram Teatrı – Avropa Teatrının (Sankt-Peterburq) yüksək qiymətləndirilən tamaşası ilə başladı. Tamaşa 29 və 30 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olundu.
1 və 2 noyabr tarixlərində Təl-Əvivin “Gesher” Teatrı Dmitri Krımovun “Qanlı Mariya”(Bloody Mary) tamaşasını təqdim etdi. Şillerin “Mariya Stüart” əsərinə sərbəst və vizual yanaşma üzərində qurulan tamaşa yeni bədii dünya yaradır. Baş rolda “Geşer” teatrının aparıcı aktrisası Yevgeniya Dodina çıxış etdi. Yaradıcı səhnə həlləri və aktyorluq məharəti sayəsində bu klassik əsər yeni nəfəs qazandı. Dmitri Krımovun “Bloody Mary” tamaşası nə Şillerin dramının adaptasiyası, nə də onun səhnə illüstrasiyasıdır. Bu, qanlı tarixi süjetin parçalarından, həmin hadisələrlə bağlı şüurlu və şüuraltı yaddaşımızdan, eləcə də müasir dövrün reallıqlarından qurulmuş tamamilə yeni bir teatr dünyasıdır.
3 və 4 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində “Rezo Qabriadze” Kukla Teatrının “Alfred və Violetta” tamaşası nümayiş olundu. Aleksandr Dümanın “Kameliyalı qadın”əsərinin yeni səhnə yozumu olan tamaşanın hadisələri 1990-cı illərin Tbilisisinə köçürülüb. Tamaşanın son səhnə quruluşu rejissor Leo Qabriadze tərəfindən 2021-ci ildə atasının vəfatından sonra tamamlanıb.
Festivalın rəqs proqramı 31 oktyabr və 1 noyabr tarixlərində Azərbaycan Dövlət Milli Dram Teatrında Əkrəm Xanın xoreoqrafı olduğu “Zikra: xatirələr gecəsi” (Thikra: Night of Remembering) tamaşası ilə başladı. Səhnə və vizual dizaynı Səudiyyə Ərəbistanından olan rəssam Mənal Əl-Dovayana məxsus əsər ritual xarakterli xatırlama ənənəsindən ilhamlanır və ilk dəfə 2025-ci ildə Əl-Uladakı “Wadi AlFann” məkanında təqdim olunub.
5 və 6 noyabr tarixlərində “Batsheva” ansamblının məzunu, Paris Opera Baleti və “La Skala” ilə əməkdaşlıq edən xoreoqraf Şahar Binyamini özünün “House of Dance Company” kollektivi ilə “Yeni dünya” (New Earth) və “Bolero X” əsərlərini təqdim etdi. Festivalın mentorluq proqramı çərçivəsində Binyamini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bakı Xoreoqrafiya Akademiyasının rəqqaslarını bu tamaşalara cəlb etdi.
6 və 7 noyabr tarixlərində İngilis Milli Baleti ilk dəfə Bakıda çıxış etdi. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan “Hərəkətdə ustadlar: "Forsayt/Payt” proqramında Kristal Paytın “Bədən və ruh” və Uilyam Forsaytın “Pleylist (EP)” əsərləri təqdim olundu.
7 noyabr tarixində Monte-Karlo Baleti (Les Ballets de Monte-Carlo) Heydər Əliyev Sarayında Jan-Kristof Mayonun“Göl” (LAC) tamaşasını Bakıda ilk dəfə nümayiş etdirdi. Psixoloji gərginlik üzərində qurulan bu yeni “Qu gölü” yozumu Çaykovskinin əsərinin yaranmasının 150 illiyinə təsadüf edir.
Festivalın paralel proqramı çərçivəsində 1 noyabr tarixində xoreoqraf Şaron Eyal yaradıcılıq prosesinə dair iş mərhələsindən nümunələri təqdim edəcək. 6 və 7 noyabr tarixlərində isə Romeo Kastelluççi və Skot Gibbonsun səslə işlədikləri “Beləliklə, Karfagenə gəldim” (To Carthage Then I Came) əsəri Daş Salnamə Muzeyində nümayiş olundu. Brüsseldəki premyerasından sonra əsər keçmiş elektrik stansiyası olan bu məkana uyğunlaşdırılaraq yenidən səhnələşdirildi.
İctimai müzakirələr çərçivəsində tamaşaçılar Əkrəm Xan, Mənal Əl-Dovayan, Lev Dodin və digər sənətçilərlə görüşmək imkanı əldə etdilər. Proqramın qonaqları arasında bestseller “İpək yolları: dünyanın yeni tarixi”kitabının müəllifi, tarixçi Piter Frankopan da yer aldı. O, Bakının dünya mədəniyyətinin kəsişmə nöqtəsindəki yenilənmiş rolundan danışdı.
Festivalın bağlanış konserti 8 noyabrda Filarmoniyada keçirildi. Festivalın son konsertində İkiqat “Qremmi” mükafatı laureatı, dünyanın ən çox tələb olunan skripkaçılarından biri Maksim Vengerov çıxış etdi.








