2 oktyabr Bakıda Özbəkistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, doplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov çıxışında bildirib ki, Özbəkistanla Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və onların siyasi, iqtisadi, investisiya, elmi-texniki, mədəni-humanitar sahələrdə gələcək inkişafı birgə tərəfdaşlıq məntiqinə əsaslanacaq. “Özbəkistan-Azərbaycan əlaqələrinin sürətli inkişafı ortaq tarixə, adət-ənənələrə, dinə, qarşılıqlı etimada əsaslanır. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şafkat Mirziyoyevin xidmətləri ikitərəfli münasibətlərin keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verir”, - diplomat deyib.
İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi, investisiya, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişafı bundan sonra da birgə tərəfdaşlıq məntiqinə əsaslanacaq”, - səfir söyləyib. Aşrafxanov Özbəkistanın Qarabağın bərpası prosesindən, burada sosial infrastrukturun və istehsal müəssisələrinin tikintisindən razı olduğunu vurğulayaraq, Özbəkistanın bu məsələdə Azərbaycana dəstəyini davam etdirəcəyini söyləyib. Diplomat iki ölkə arasında dostluq münasibətlərinin Cənubi Qafqazda və Mərkəzi Asiyada sülh, azadlıq və sabitlik naminə ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan dövləti adından çıxış edən baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan Özbəkistanla əməkdaşlığın daha da genişlənəcəyinə əmindir və enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlər görür. “Dövlət başçıları arasında şəxsi etimad və daimi təmaslar ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsini və dərinləşməsini təmin edən əsas amillərdəndir. Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir”, - o bildirib. Ş.Mustafayev qeyd edib ki, bu ilin ilk 7 ayı ərzində Özbəkistanla qarşılıqlı ticarət dövriyyəsi 28 faiz artaraq 135,4 milyon dollara yüksəlib. Eyni zamanda bir müddət əvvəl yaradılmış və nizamnamə kapitalı 500 milyon dollar olan Birgə İnvestisiya Fondu da bu məqsədlərə sərmayə yatırır”, - nazir söyləyib. O, həmçinin Azərbaycanın Özbəkistanla nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini, yük axınının artırılması ilə bağlı dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların hər iki tərəf üçün yol xəritəsi olduğunu qeyd edib. O əlavə edib ki, Bakı mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına da böyük diqqət yetirir. “Dövlət başçılarının müdrik rəhbərliyi ilə Azərbaycan-Özbəkistan münasibətlərinin maliyyə sahəsində dərinləşməsinin və əməkdaşlığımızın genişləndirilməsinin bundan sonra da qardaş ölkələrimizin mənafelərinə xidmət edəcəyinə əminliyimi bildirmək istərdim”, - Ş.Mustafayev söyləyib.
Gecə ziyafətlə və maraqlı mədəni proqramla tamamlanıb.