Bakıda Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Polşanın görkəmli qadınları” sərgisi açılıb. Sərginin açılışında Bakıdakı diplomatik korpusun üzvləri, yerli Polşa İcmasının xeyli üzvü, eləcə də Azərbaycanın akademik ictimaiyyətinin, mədəniyyət aləminin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Açılış zamanı səfir vəzifəsini müvəqqəti icra edən Mixal Qreçilo çıxış edib. O qeyd edib ki, Polşa tarixində əlamətdar iz qoymuş qadınlardan bəhs edən sərginin keçirilməsi azərbaycanlıların bu ölkənin mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcək. Qreçilo, həmçinin qısaca bu qadınların həyat hekayələrini danışıb, onların Polşa xalqının indiki nəslinin formalaşmasındakı mühüm töhfələrini vurğulayıb.