Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində müasir mənzərə rəngkarlığımızın görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açıldı.
Ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açılan sərgi Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirildi.
Sərgidə dahi sənətkarın Azərbaycan təbiətini, özünəməxsus koloritini, harmoniyasını, solmayan gözəlliyini əks etdirən 40-dan çox rəngkarlıq tablosu, eləcə də qrafik lövhələri maraqlı konsepsiya əsasında nümayiş olunur.
Sərgi 31 yanvar 2025- ci ilə kimi açıq olacaq.