Bakıda Cahangir Cahangirov adına Xorun konserti keçirilib

19 noyabr Beynəlxalq Muğam Mərkəzində, Cop29 çərçivəsində Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun konserti keçirilib.

Bildiyiniz kimi Azərbaycan xor sənətinin yaranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə baglıdır. Hazırda Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Bu kollektivə bir müddət Üzeyir bəy özü rəhbərlik edib. O, Azərbaycan xalq mahnılarını xor üçün işləməyi gənc bəstəkarlara tövsiyə edib. Daha  sonra kollektivə rəhbərliyi Cahangir Cahangirova məhz Üzeyir Hacıbəyov həvalə edib. 1948-ci ildən isə xora əvvəllər kollektivdə ikinci xormeyster kimi fəaliyyət göstərən Xalq artisti Ramiz Mustafayev ömrünün sonunadək bədii rəhbərlik edib. Hazırda isə xorun bədii rəhbəri Azərbaycanın Əməkdar müəllimi Təranə Yusifovadır. 
Üzeyir bəyin "Arazbarı" (işlənmə Təranə Yusifova) ilə başlanan konsert elə dahi bəstəkarın "Ey, Vətən" əsəri ilə yekunlaşdı.  Üzeyir bəy, Cahangir Cahangirov və Ramiz Mustafayevin bədii rəhbərliyi dövründə ifa edilən əsərləri özündə cəm edən proqramda həm də müasir dövrün yeni işlənmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səsləndi. Kollektivin təqdimatı xor sənətinin müasir dövrlə uyğunlaşmasına bir işarə idi.  

COP 29-a həsr olunmuş konsertdə Xorun ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndi. Onların arasında Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Polad Bülbüloğlu, Süleyman Ələsgərov və s. Konsert böyük anşlaqla keçdi, yerli və əcnəbi qonaqların zövgünə oxşadı.