Bakıda “Nəsimi” operasının premyerası keçirilib

Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” operasının premyerası keçirilib. Səhnə əsərini izləyənlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer alıb. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan yeni opera Azərbaycan incəsənətinə yeni bir nəfəs gətirməklə yanaşı, böyük şairin zəngin irsinin sənətin dili ilə gələcək nəsillərə və dünyaya çatdırılması baxımından əlamətdar hadisədir.
Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuri Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Titul partiyanı – Nəsimi obrazını Əməkdar artist Ramil Qasımovun ifa etdiyi tamaşada digər rolları Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Tural Ağasıyev (Zahid), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Məlikşüarə) Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazı) və başqaları canlandırırlar.
Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı, səhnə əsərində Bakı Dövlət Sirkinin artistləri, Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Şirzad Fətəliyev (balaban), Elnur Əhmədov (kamança), eləcə də Əmrah Orucov (ud) çıxış edirlər.

"Nəsimi operasının məzmunu: Şamaxıda yaz səhəri. Şəhəri çiçəklərin ətri bürüyüb və Pirsaat çayı sakitcə axır. Sənəm, qəmgin halda həyat yoldaşını uzaq səfərə yola salır və qəlbində qisməti ilə barışır. Uzaqda, Şahxəndan atını sığallayır və bu yolun qardaşı Nəsimi üçün asan olmayacağını anlayır. Bu yol Nəsimi üçün yalnız səfər deyil, eyni zamanda mənəvi sınaqdır. Onu hər yerdə anasının duası müşayiət edir, harada olursa olsun, ana qəlbi həmişə onunladır. Gün batdıqda, köhnə bir qala divarları arasında gənc hürufilər toplaşıb, böyük həyəcanla mürşidin gətirəcəyi xəbəri gözləyirlər. Hər biri böyük sirlər dolu kitabları oxuyur, burada Nəsimi misraları səslənir, “Kürsünamə” səhifələri vərəqlənir və bu biliklər onlara həqiqət axtarışında ilham verir. Uzaqda, möhtəşəm Səmərqənd şəhərində bayram keçirilir və hətta sərt Teymur da bu gün aram tapıb. O vaxt isə Nəsimi Təbrizə gəlib çıxır və tanış tacirlərdən xəttatları və onların sənətini soruşur. Amma bu dövrlər təhlükə ilə doludur: Şirvandan Anadoluya qədər iğtişaşlar baş qaldırır, təqiblər güclənir və hər addımda qorxu hiss olunur. Məmlük sarayında artıq ona qarşı gizli bir sui-qəsd hazırlanır. Onun azad fikirləri və həqiqətə can atan ruhu düşmənləri üçün böyük təhlükədir. Onlar onu məhv etmək üçün yalan, iftira və çirkin üsullara əl atırlar. Rütubətli, havasız, pəncərəsiz bir zindanda qolları bağlı Nəsimi əsir düşür. Bu məkanda hər daş, hər künc ona əzizdir, çünki qəlbi azad olduğu üçün yaddaşında yaxınlarının əziz xatirələri canlanır, xəyalları bir-bir gözünün önündən keçir. Hələb meydanı dolub-daşır, cəllad əmri gözləyir. Poetik ruhu mələk kimi ucalan Nəsimi, düşmənlərinin ittihamı ilə üz-üzədir. Hərdən göy üzündə ildırım çaxır, buludlar qanı yumağa hazırdır. Şairi və onun sözlərini dar ağacına çəkirlər, bu gün bu meydanda hamı günahkardır.
Haqq mənəm!
Haqq məndədir!
Haqq məndədir!
Bu şeir Nəsiminin son günlərinin xronikası kimidir — burada onun düşüncələri, cəsarəti və qaranlıq dövrlərdə həqiqətin səsi olmağa cəsarət edən insanın dərin faciəsi gizlənir. İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini özündə birləşdirən opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Nümayişdən sonra səhnəyə çıxan operanın libretto müəllifi akademik Rafael Hüseynov İmadəddin Nəsiminin məhz Azərbaycan şairi kimi keçmiş sovetlər dönəmində tanıdılmasında Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu deyib. “Nəsimi” operası barədə danışan alim səhnə əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.