27 dekabr Bakıda Polşa müstəqilliyinin bərpasının 106-cı ildönümünü və NATO-ya qoşulmasının 25-ci ildönümünü qeyd olunub. Tədbirdə Bakıda akkreditə olunmuş diplomatik korpusun çoxsaylı nümayəndələri və Azərbaycandakı polyak icmasının nümayəndələri də iştirak etdi. Tədbirin əvvəlində Azərbaycan və Polşanın milli himləri səsləndi. Açılış zamanı səfir vəzifəsini müvəqqəti icra edən Mixal Qreçilo çıxış etdi: "Polşa Respublikasının Milli Müstəqillik Günü münasibətilə təşkil olunan qəbulda bizə qoşulduğunuz üçün çox sağ olun. 2024-cü ildə Polşa müstəqilliyinin bərpasının 106-cı ildönümünü və NATO-ya qoşulmasının 25-ci ildönümünü qeyd edir. Bu iki yubileyin bir-biriylə bağlılığı ondadır ki, ölkəmin tarixində müstəqillik və suverenliyimiz tez-tez düşmən dövlətlər tərəfindən alınıb və hərbi yolla bərpa olunub. Polşa 1999-cu ildə NATO-ya daxil olanda beynəlxalq münasibətlər üzrə bir çox siyasətçi və ekspert Fukuyamanın “Tarixin sonu və sonuncu İnsan” kitabında iddia etdiyi kimi, beynəlxalq münaqişələr dövrünün sona çatdığına əmin idi. Bir il sonra, ABŞ-a qarşı 11 sentyabr hücumlarından sonra radikal qeyri-dövlət aktorları tərəfindən NATO ölkələrinə təhlükə artdı. Sonralar, yəni 2008-ci ildən Rusiyanın getdikcə artan aqressiv hərəkətləri, ilk növbədə, Gürcüstan və Ukraynaya, bir az sonra isə “kollektiv Qərbə” qarşı olan hərəkətləri, təhlükəsizlik və müstəqilliyin birdəfəlik verilmədiyini sübut etdi. Müstəqillik və ərazi bütövlüyü uğrunda döyüşə hazır olmaq zərurəti 1008 gündür Rusiya hücumlarını qəhrəmancasına dəf edən Ukraynanın misalında da görürük", diplomat vurğuladı.
"NATO-ya üzvlük üçün müraciət edərkən və Şimali Atlantika Alyansı çərçivəsində 25 ildən artıq əməkdaşlıq edərək Polşa Silahlı Qüvvələrinin peşəkarlaşdırılması və modernləşdirilməsi baxımından sıçrayış oldu. Davam edən təhdidlərə, xüsusən də Rusiyadan gələn təhdidlərə görə, müdafiə qabiliyyətinin inkişafı və silahlı qüvvələrin modernləşdirilməsi Polşa üçün hələ də prioritetdir. Polşanın Müstəqillik Günü münasibətilə Sizi bu zalda Polşanın NATO-nun hərbi ittifaq kimi inkişafında iştirakı və Polşanın NATO-nun həyata keçirdiyi əməliyyatlara verdiyi töhfə ilə bağlı sərgiyə baxmağa dəvət edirəm. Bu münasibətlə bugünkü qəbulda iştirak edən Polşa ilə NATO, Aİ və ikitərəfli qaydada əməkdaşlıq edən, eləcə də rəsmi olaraq hərbi ittifaqımızda olmayan, lakin hərbi əməkdaşlıq, təhlükəsizlik məsələlərində Polşa ilə danışmaq və əməkdaşlıq etməkdə hazır olan ölkələrin nümayəndələrinə də təşəkkür etmək istərdim. Bu münasibətlə xüsusilə vurğulamaq istərdim ki, Polşanın baxışında Azərbaycan Avrasiyanın təhlükəsizliyinin və sabitliyinin təmin edilməsində çox mühüm rol oynayır. Azərbaycanlı tərəfdaşlarımızın beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı narahatlığımızı anlamaları da bizim üçün vacibdir. Polşa Azərbaycanın bu il 30-cu ildönümünə təsadüf edən NATO Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakını alqışlayır. Biz həmçinin ikitərəfli və Azərbaycanın NATO strukturları ilə təmasları çərçivəsində gələcək yaxşı əməkdaşlığa ümid edirik", Mixal Qreçilo qeyd etdi. Tədbir foyedə sərgi ilə və polşa milli yeməklərindən ibarət naharla davam etdi.