Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 106 illiyi qeyd olundu

28 noyabr Four Seasons otelində  Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 106 illiyi qeyd olundu. Dövlət və hökumət rəsmilərinin, diplomatic korpusun, ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Milli Günün tarixindən, rumın xalqının öz dövlətçiliyini qurmaq üçün keçdiyi yoldan söz açıb.
“1 dekabr 1918-ci il tarixində Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan İmperiyalarının parçalanması ilə mərkəzi Rumıniyada yerləşən Alba Yuliyada ölkənin və tarixi Bessarabiya, Bukovina və Transilvaniya əyalətlərindən olan bütün rumınların Böyük Birliyi elan edildi. Digər Avropa xalqları kimi, yüz illər sonra, rumınlar da öz vahid milli dövlətini – Rumıniyanı qurmağa nail oldular” deyən səfir bildirib ki, “Dəmir Pərdənin” yıxılması ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq hazırda bir çox digər beynəlxalq təşkilatların fəal üzvüdür və 2025-ci ildə biz Şengen azad hərəkət zonasına tam olaraq qoşulmağa, ən qısa zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT-OECD) – inkişaf etmiş demokratik dövlətləri birləşdirən təşkilata qoşulmağa ümid edir.
“Rumıniya son 30 ildir beynəlxalq hüquq prinsiplərinə riayət olunmasını və qanunlara əsaslanan beynəlxalq nizamın qurulmasını fəal şəkildə təşviq edib, beynəlxalq münasibətlərdə təhlükəsizlik və mehriban qonşuluq mühitinin yaradılmasını qətiyyətlə dəstəkləyib. Rumıniya cəmiyyəti bu 30 ildə özünün yetkinliyini, ən çətin böhranları dəf etmək əzmini və Qərb ictimaiyyətində firavan gələcəyə inamını sübut edib” deyən səfir Vasile Soare ölkəsinin Azərbaycanla əlaqələrindən də söz açıb. Diplomat bildirib ki, 1991-ci ildə Rumıniya Türkiyədən sonra Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlətdir. O, 2009-cu ildə isə Rumıniya Azərbaycanla Strateji Tərəfdaşlıq münasibətləri haqqında Bəyannaməni təklif edən və yüksək səviyyədə imzalayan ilk Avropa İttifaqına üzv dövlət olduğunu vurğulayıb.  
“32 il ərzində Rumıniya-Azərbaycan əməkdaşlığı bir çox sahədə - siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Rumıniyaya, Prezident Klaus İohannisin 2023-cü ilin fevralında Azərbaycana səfərləri ilə ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq son 3 ildə nümunəvi dinamika nümayiş etdirib” deyən səfir bildirib ki, bu müddət ərzində ölkələrimizin parlamentləri aarsında əlaqələr də genişlənib. O cümlədən, Rumıniya Deputatlar Palatasının sədri 2023-cü ilin fevralında Azərbaycanda, Milli Məclisin sədri Sahibə Qafarova isə 2023-cü ilin oktyabrında Rumıniyaya səfər edib. Xarici İşlər Nazirliklərinin xətti ilə Rumıniya-Azərbaycan dialoqunun daimi xarakter daşıdığını qeyd edən diplomat, 2023-cü il noyabrın 6-da nazir Ceyhun Bayramovun Buxarestdə rəsmi səfərdə olduğunu xatırladıb.
“İqtisadi sahədə, son 3 ildə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın Bakıda və Buxarestdə ardıcıl keçirilmiş görüşlərində yeni imkanlar və əməkdaşlıq layihələri müəyyən edilib və Rumıniya-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq təqribən 700 milyon dollara çatıb. Enerji sahəsində 2022-ci ildən başlayaraq Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək mühüm layihənin – Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya qədər Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan formatında Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi üzərində uğurla çalışırlar. Dəqiq nəticə 3 sentyabr 2024-cü ildə iştirakçı ölkələrin Buxarestdə Yaşıl Dəhliz Layihəsi üzrə Birgə Müəssisə Şirkətinin yaradılması qərarı ilə qeydə alınıb”, - səfir bildirib.
Onun sözlərinə görə, Rumıniya və Azərbaycan Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqları təmsil etdiyi Avropa ilə Asiya arasında Orta Dəhlizin möhkəmləndirilməsində maraqlıdırlar. “Rumıniya beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırmaqla Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın dostu və vicdanlı tərəfdaşıdır” deyən səfir Vasile Soare çıxışının sonunda COP 29-un nümunəvi şəkildə təşkili səylərinə görə Azərbaycanı təbrik edib.
Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Rumıniyanın Böyük Birlik Günü münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb. Bildirib ki, ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə malikdir. “Rumıniya Avropa ölkələri arasında Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkə olub. Azərbaycan da 2001-ci ildə Şərqi Avropadakı ilk səfirliyini məhz Rumıniyada açıb. Bunun ardınca iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edib, dövlət başçıları, parlament sədrləri, hökumət üzvləri və digər yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib” deyən nazir müavini bildirib ki, prezident İlham Əliyevin 2009-cu ildə Rumıniyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” və Rumıniyanın prezidenti Trayan Baseskunun 2011-ci ildə Azərbaycana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəlmiş Birgə Fəaliyyət Planı” strateji tərəfdaşlığımızın əsaslarını təşkil edir.

“Bu ilin iyul ayında Buxarestdə Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələr və apreldə Bakıda keçirilmiş “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın sonuncu iclası müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün faydalı olub. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məmnunluq doğurur. Enerji sektoru iqtisadi əməkdaşlığımızda mühüm rola malikdir. İqtisadi-ticarət sahəsində əməkdaşlığımızın genişlənməsi üçün böyük imkanlar mövcuddur. Humanitar müstəvidə də müsbət əməkdaşlıq nümunələri kimi Buxarest şəhərində yerləşən “Tey Parkı”nda Ümummilli lider Heydər Əliyevin büstünün qoyulmasını, habelə Bakının mərkəzi parklarının birində məşhur rumın bəstəkarı Corc Eneskunun heykəlinin ucaldılmasını qeyd etmək istərdim. Mədəniyyət və təhsil sahələrində mübadilələrimiz xalqlararası əlaqələrin güclənidirilməsinə töhfə verməkdədir” deyən nazir müavini çıxışını bu sözlərlə bitirib: “İnanıram ki, Azərbaycanla Rumıniya arasında sıx dostluq və qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərimiz və xalqlarımızın rifahı naminə növbəti illərdə də inkişaf edəcək, ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq əlaqələri daha da genişlənəcək”. Tədbir canlı rumın musiqisinin sədaları altında ziyafət ilə davam edib.