Xalq artisti Əzizə Mustafazadə yubiley konsert proqramı ilə çıxış edib



Dekabrın 19-da Heydər Əliyev Sarayında "Cazın şahzadəsi" kimi tanınan azərbaycanlı pianoçu, bəstəkar və vokalçı, Xalq artisti Əzizə Mustafazadə yubiley konsert proqramı ilə çıxış edib. Konsertin təşkilatçısı - 33Event. Öz yubiley doğum gününü doğma şəhəri Bakıda qeyd edən sevilən caz ifaçı "Generations" adlı yeni albomunu musiqisevərlərə təqdim edib.

Ə. Mustafazadənin repertuarına təkcə öz bəstələri deyil, həmçinin onun atası, mərhum ustad musiqiçi Vaqif Mustafazadənin əsərləri də daxildir. Pianoçu-bəstəkarın öz bəstələrindən "Şərq ornamentləri", "Şamanlar", "Yeni Bakı", "Ziddiyyətlər", "Sentyabr balladası" və digər caz improvizasiyaları misal göstərmək olar. Onun ifasında Azərbaycan milli musiqi çalarlarını özündə ehtiva edən caz improvizasiyaları qeyri-adiliyi və ritmikliyi ilə musiqisevərlərin zövqünü oxşayır. Əzizə Mustafazadə alqış fırtınası altında səhnəyə çıxıb: “Bakı, axşamınız xeyir! Biz 16 il əvvəl Bakıda ilk dəfə çıxış etdik. Söz verirəm ki, 5 ildən bir solo proqramla Bakıya gələcəyik! Bu gün sizi yeni kompozisiyalar və çoxlu sürprizlər gözləyir”.

Konsertdə "Generations" albomundan caz, muğam və vokal kompozisiyalar səslənib. Gecədə məşhur pianoçu Vaqif Mustafazadəyədə bir neçə improvizasiya həsr edib. Məşhur babanın istedadı Əzizənin oğluna, 11 yaşlı Ramiz Xana da keçib. Gənc istedad səhnədə Vaqif Mustafazadənin bir neçə bəstəsini ifa edib. Konsert böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.