6 yanvar Ağdam Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının qonağı oldu. "Bölgə teatrlarının Bakı premyerası" layihəsi əsasında qastrol səfərində olan Ağdam Dövlət Dram Teatrı "Cənnət və Cəhənnəm" tamaşası ilə tamaşaçıların qarşısında çıxış edib. Layihənin məqsədi , bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq , gənc rejissorların qurduğu tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir. Tamaşa şair-dramaturq, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin ,,Cənnət və cəhənnəm" əsəri əsasında qoyulub. Tamaşanın quruluşçu rejissoru - Kərim Həsənli(teatrın baş rejissoru və Prezident mükafatçısı), quruluşçu rəssamı - Müşfiq Qarayev, musiqi tərtibatçısı - Azər Şükürovdur. Rolları Ağdam Dövlət Dram Teatırın istedadlı aktyorları Kərim Həsənli, Xəyalə Xudadatova, Afəridə Sabirqızı, Elşən Cavadov, Zöhrab İmamalıyev, Fərhad Fərhadzadə, Hakim Xan və Qalib Abdullazadə ifa edir.
Komediyanın süjetini real və mistik bir aləmdə (Cəhənnəmdə) baş verən məzəli əhvalatlar təşkil edir. Əsərin əsas qəhrəmanları ər-arvad Mustafa və Ləyaqət dünyalarını dəyişərək cəhənnəmə düşürlər. Buna da səbəb onların öz həyatlarını düzgün qurmaması, pul və sərvət qazanmaq naminə min cür fırıldaq və dələduzluğa, naqis əməllərə, yaramaz vərdişlərə meyl etməsidir.Mustafa və Ləyaqət rahat və işıqlı bir həyatda olduğu kimi, dünyalarını dəyişərək məhrumiyyət və əzab əziyyət dolu Cəhənnəmə düşdükdə də özlərinin tamah və xudpəsəndlikdən doğan rəzil həyat tərzini davam etdirməyə can atır, öz məqsədlərinə nail olmaq üçün real həyatda mənimsədikləri çirkin fənd və hiylələri bu qaranlıq mühitdə də tətbiq etməyə çalışırlar. Belə ki, onlar Cənnətə buraxılmadıqda Cəhənnəmdəki insanlara rüşvət vermək, İnkirlə Minkir, Əzrayılla Şeytan, Huri ilə Qılman arasında qarşıdurma yaratmaq, qalmaqal törətmək, şər və böhtan atmaq yolu ilə nəyəsə nail olacaqlarına ümid bəsləyirlər və bu yolda hər cür eybəcər üsul və vasitələrdən istifadə edirlər. Bunların ifrat qeyri insani hərəkət və davranışları hətta sonda Əzrayılı intihar dərəcəsinə çatdırır. İnsan və insanlığın qənimi olan Əzrayılın Mustafa və Ləyaqətin əlindən cana doyaraq intihar etmək qərarına gəlməsi bu ərlə arvadın real həyatda necə mənfur bir ömür yaşamaları barədə tamaşaçıda aydın və mükəmməl təsəvvür yaradır. Tamaşa tənqid hədəfi kimi götürülən Mustafa və Ləyaqətin ağılsız cəhdlərinin iflası ilə tamamlanır. Quruluşçu rejissor və müəllifin, eyni zamanda bütün yaradıcı heyətin tamaşaçılara çatdırmaq istədiyi əsas ideya bundan ibarətdir ki, insanlar həyatda düzgün yol tutmalı, əliəyrilik, tamahkarlıq və xudpəsəndlik kimi mənəviəxlaqi dəyərlərə zidd əməllərdən çəkinməli, saf və təmiz bir ömür yaşamalıdırlar.
Tamaşa Mədəniyyət televiziya kanalı ilə canlı yayım olaraqda nümayiş olundu. Tamaşa yüksək səviyyədə tamaşaçı rəğbətini qazandı. Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə (Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı) və Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov öz çıxışları ilə qastrol gününü sonlandırdılar.