13 yanvar Azərbaycan Milli İncəsənət Muzeyində yazıçı Qurban Səidin dünyaca məşhur “Əli və Nino” romanı əsasında “Sevgi odası: Əli və Nino balı” adlı immersiv tamaşa nümayiş olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova tədbirin ilk dəfə bu formatda keçirildiyini vurğulayıb: “Dünya şöhrətli “Əli və Nino” əsərinin XIX əsrin sonlarına aid tarixi binada – öz dövrünün simvolu – de Bur Sarayında öz yerini tapdığı unikal bir layihədir. Tamaşanın immersiv formatı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı üçün ilk təcrübə oldu. Mən onun direktoru Ədalət Hacıyevə, quruluşçu rejissor İlqar Safata, həmçinin aktyorlara səmimi təşəkkürümü bildirirmək istəyirəm. Bu, bizim ilk layihəmizdir və ümid edirik ki, fəaliyyətimizi oxşar formatda davam etdirəcəyik”.
Rejissor İlqar Safat çıxışında əsas vurğunun baş qəhrəmanların sevgi hekayəsinə verildiyini, onu dramatik tarixi fonla tamamladığını qeyd edib. O, həmçinin Ş.Məlikovaya və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Unudulmaz sevgi hekayəsindən bəhs edən " əAli və Nino" tamaşası Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları tərəfindən təqdim edilib. Tamaşada səhnələşdirilən bal öz iştirakçılarını Şərq və Qərbin fərqli dəyərlərinin birləşdiyi mistik atmosferə səyahətə aparıb. Hər bir qonaq bu bənzərsiz gecənin bir hissəsinə çevrilərək özünü əbədi sevgi hekayəsinin qəhrəmanı kimi hiss edib. Qonaqların bir çoxu bala Əli və Nino dövrünün geyim dəbindən bəhrələnən Şərq zərifliyini və ya Avropa eleqantlığını əks etdirən kostyumlarda qatıldı və özünü bir məşhur romanın qəhrəmanı kimi hiss edərək, bu hekayənin bir hissəsi olmaq imkanı əldə etdi.