Qarabağ hadisələrindən bəxs edən “Intizar” operası

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda nümayişi baş tutub. Operanın yeni redaksiyasının rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirovdur. Tamaşada Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Dövlət Xor Kapellası da iştirak edib. Operanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Opera Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəvi hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır. Xəyanət və hiylə ilə qonaqpərvər diyara gələn şər qüvvələr zorakılıqla səfalı bir diyarı viran qoyur, insanları amansızcasına qətlə yetirir, doğma yurd-yuvalarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks-sədası bir ailənin taleyində izlənilir.

Əsər bir daha nümayiş etdirir ki, şər qüvvələrin basqısı nə qədər dəhşətli və güclö olsa belə, onlar vətən sevgisi, ailə məhəbbəti ilə saf və inamlı həyat yaşayan insanların nə müqavimətini qırmaq, nə də onların qəlbindəki mübarizə əzmini məhv etmək iqtidarında deyildir. Hadisələrin faciəli axarına baxmayaraq, əsər əmin-amanlıq, xoşbəxtlik və ədalətin intizarında olan, gələcəyə inam və ümidlərini, mübarizə əhval-ruhiyyəsini əks etdirən təsirli finalla bitir. Səmada “Ağ atlı”nın peyda olması qazanılacaq qələbənin intizarında olan bütün insanlara ümid işarəsidir. Bu ümid və inam doğma torpaqların azadlığını nəyin bahasına olursa-olsun gerçəkliyə çevirəcəkdir.