Marçello Rotanın "Nino Rota və Ennio Morrikone" adlı konserti baş tutdu

Yanvarın 22-də Heydər Əliyev Sarayının səhnəsində italyan bəstəkarları Nino Rota və Ennio Morrikonenin ən yaxşı əsərləri təqdim olundu. Marçello Rotanın "Nino Rota və Ennio Morrikone" adlı konserti iki böyük kino bəstəkarının yaradıcılığına həsr olunub. Konsertin təşkilatçıları - Showtime Booking Agency və 33 EVENT.

Məşhur italyan dirijoru Marçello Rota əfsanəvi Nino Rotanın qardaşı oğludu, Vivaldi adına Konservatoriyanın və Siena Musiqi Akademiyasının məzunudur. Nino Rota- tanınmış italyan bəstəkarı, bir çox filmlərin musiqi müəllifi, orkestr üçün çoxlu sayda əsərləin yaradıcısıdı. 1940-cı illərin əvvəllərindən Nino Rota filmlər üçün musiqi yazmağa başladı. 1974-cü ildə Rota Frensis Koppolanın “Xaç atası: II hissə” filmin musiqisinə görə Oskar qazandı.

Ennio Morrikone kino tarixinin ən məşhur və nüfuzlu bəstəkarlarından biridir. O, 70 illik karyerası ərzində 500-dən çox saundtrek yazıb və Qventin Tarantinonun The Hateful Eight (2015) filmi üçün musiqisinə görə Oskar alıb. Gecədə əfsanəvi kinokompozitorların ən məşhur əsərləri səsləndi.  Onların arasında dünya kinosunun qızıl fonduna daxil olmuş filmlərdən saundtreklər : “Romeo və Cülyetta”, “Yol”, “Xaç atası”, “Bir zamanlar Qərbdə” , “Bir zamanlar Amerikada”, “Missiya”, “Peşəkar”, “XX əsr” və s.

Konsert böyük anşlaqla keçib. Dünya şöhrətli dirijorun rəhbərliyi altında orkestrin çıxışı hamının zövgünə oxşayıb.