29 yanvar Çində Yeni il qeyd olunacaq. Xəzər Universitetində Çinin Yeni il bayramı münasibətilə “Çin Yeni ili - Birlikdə” mövzusunda tədbir təşkil olunub. Tədbirin təşkilatçıları- Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu. Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyin müvəqqəti işlər vəkili Ding Tao Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb, eləcə də bu tədbirin təşkilində göstərdikləri yüksək səylərə görə Xəzər Universiteti və Bakı Dövlət Universitetinin Konfutsi İnstitutuna təşəkkürünü bildirib.
“5 gündən sonra biz Çin xalqının tarixində ən qədim, məzmun baxımından ən zəngin və ən geniş təsirə malik ənənəvi bayramlarından biri olan Bahar bayramını, yəni Yeni ili qeyd edəcəyik. Çinlilər artıq 4000 ildən çoxdur ki, Bahar bayramını böyük coşqu və rəngarəng adətlərlə qeyd edirlər. İnsanlar köhnə illə vidalaşıb Yeni ili qarşılamaq üçün xəngəl bükür, bahar lövhələri və Yeni il şəkilləri asır, fişənglər atır, lampalarla küçələri bəzəyərək ailəliklə bir araya toplaşırlar. Bahar bayramı ilə Azərbaycanın Novruz bayramı arasında mədəni məzmun baxımından oxşarlıqlar mövcuddur. Hər iki bayram ailə birliyini vurğulayan, yeniliyə qədəm qoyulan və yazın gəlişinin sevinclə qarşılandığı xoşbəxt anları ifadə edir. Həmçinin hər iki bayram həm Çin, həm də Azərbaycan xalqlarının ailəyə önəm vermə, zəhmətkeşlik və daha gözəl bir həyata olan ümidi kimi ümumi mədəni ənənələrini əks etdirir. Bahar bayramı yalnız Çinin deyil, eyni zamanda, bütün dünyanın bayramıdır. 2023-cü ilin dekabrında BMT-nin 78-ci sessiyası qərar qəbul edərək Bahar bayramını rəsmi olaraq BMT tətili elan edib. 2024-cü ilin dekabrında isə UNESCO Bahar bayramını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Dünya üzrə Bahar bayramının geniş qeyd olunması müxtəlif ölkələrdən olan insanlara Çin mədəniyyətini öyrənmək, Çin müdrikliyini hiss etmək və qarşılıqlı dostluğu gücləndirmək üçün yeni bir mədəni pəncərə açır. Eyni zamanda bu, qlobal mədəniyyət təşəbbüsünü dəstəkləmək, dünya mədəniyyətlərinin müxtəlifliyinə hörmət etməyi təşviq etmək üçün real bir addımdır. Bu, fərqli mədəniyyətlərin harmonik birgə yaşayışını, qarşılıqlı inkişafını və mübadiləsini ifadə edən gözəl bir vizyonu təcəssüm etdirir”, - deyə diplomat qeyd edib. Tədbir Çin çay mərasimi və kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması) ilə davam edib. Konfutsi İnstitutunun müəllim və tələbələri müxtəlif səhnəciklər təqdim edib, rəqslər və Çin xalq mahnıları ifa edib, şeirlər söyləyiblər.
Yanvarın 25-də Dəniz Moll Ticarət Mərkəzində Bakı sakinlərinə və qonaqlarna Çin Yeni ilinin qeyri-maddi mədəni irsi təqdim olunub. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Yeni il bayramı münasibətilə tədbir keçirilib. Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao səfirlik adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edib. Tədbir “qızıl əjdaha”nın parlaq və şən rəqsi ilə başlayıb. Tədbirin davamında interaktiv əyləncə proqramları, Çin çay mərasimi, Çin Yeni ilinə özəl mantı bişirmə ustad dərsi və ənənəvi Çin rəqsləri ifa olunub. Bayram tədbiri paytaxt sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.