Arfa və fleytanın valehedici səsləri Milli İncəsənət Muzeyində

Yanvarın 31-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində “Ruhun qidası – musiqi” adlı konsert keçirilib. Konsert proqramında gənc istedadlı arfa ifaçısı Pərvin Aşari (məşhur arfa ifaçısı Çiçək Rzayevanın tələbəsi), Ülkər Qüdrətli və Lalə Əsgəri (fleyta) iştirak etdi.

Arfa ən qədim alətlərdən biridir, İrlandiyanın simvoludur. Arfa İrlandiya mədəniyyətində musiqinin əhəmiyyətini və İrlandiya musiqi ənənələrinin qədimliyini simvollaşdırır. Gecədə tanınmış dünya bəstəkarlarının əsərləri səsləndirilib. Onların arasında: Milli İrlandiya rəqsi "Pərilər Kralı", İrlandiya milli valsı "Arzular valsı", "Van Qoq" (Virciniya), "Konsert etüd" (Makdonald), "Təntənəli" (Linda Vud), "Hər zaman mənimlə" (Yumi Kimura),  "Passakaliya" (G.F. Handel), "Largo" Qış silsiləsindən (Vivaldi), "Kelt talismanı" (Jokilehto), "Solğun xatirələr", "Qayalı sahil boyunca", "Sehirli gecə" ( Elizabet).
Gecə isti və səmimi atmosferdə keçdi. Tamaşaçılar istedadlı gənc musiqiçiləri sürəkli alqışlarla qarşıladılar.

Foto: Rüstəm İsmailov