7 fevral Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığına həsr olunmuş konsert keçirildi.
Gecəni professor, musiqişunas Zümrüd Dadaşova açdı. O görkəmli bəstəkarın yaradıcılığından və konsertdə yer alacaq əsərlərdən söz açdı. Hər il fevral ayında Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış dahi bəstəkar, SSRİ xalq artisti, Dövlət Mükafatı laureatı, akademik Qara Qarayevin doğum gününün silsilə tədbirlərlə qeyd edildiyini, onun ölməz musiqisinin səsləndiyini bildirdi. Qara Qarayev opera, balet, simfoniya, simfonik poema, instrumental konsert, kamera-instrumental və vokal janrlarında yaratdığı əsərlərlə, teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilərlə dünya mədəniyyəti xəzinəsinə böyük töhfə vermişdir. Onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, simfoniyaları, “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması və bir çox başqa əsərləri müəllifinə dünya şöhrəti qazandırmışdır.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çixış etdi. Dirijor: Elşad Bağırov. Solistlər: Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova (soprano), Mahir Tağızadə (bariton). Proqramda Q.Qarayevin “Alban rapsodiyası”, “Çılğın qaskoniyalı” müziklıdan fraqmentlər və “İldırımlı yollarla” baletindən süita səsləndi. Gecə böyük anşlaqla keçib və hamının zövgünə oxşadı.