İran İslam Respublikasının Azərbaycandaki səfirliyi İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Tədbirin əvvəlində Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.
İranın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan çıxışında ölkəsinin ötən müddət ərzində keçdiyi inkişaf yolundan danışıb. İnqilabından keçən yarım əsrə yaxın bir müddət ərzində İranın mühüm nailiyyətlər əldə etdiyini deyib. Bu nailiyyətlərə bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmək, kosmik elm və dinc nüvə texnologiyasındakı irəliləyişlər, tibb elmləri, kök hüceyrələr, nanotexnologiyalar, biotexnologiyalar və s. kimi sahələrdə yüksək rekordlar əldə etmək daxildir. Diplomat bildirib ki, İran balanslı və dinamik diplomatiyaya, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə önəm verib və qonşuları ilə, xüsusən də dost və qardaş ölkə olan Azərbaycanla güclü və mehriban münasibətlərə diqqət yetirib: "Hamımız bilirik ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq və dostluq bağları bir çox tarixi, mədəni-dini və ənənəvi ortaq cəhətlərə və adət-ənənələrə görə əbədi bir bağdır və həmişəlikdir.
2024-cü il may ayında “Xudafərin” və “Qız Qalası” su bəndləri layihəsinin açılış mərasimində iki ölkənin möhtərəm prezidentləri arasında keçirilən görüş, münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə dair xoş vəədlər verirdi. Təəssüf ki, bu görüşdən sonra prezidentimizin helikopterinin qəzaya uğraması və onun şəhid olması kimi faciəli bir hadisə baş verdi, lakin bu, iki prezidentin münasibətlərin möhkəmləndirilməsi ilə bağlı verdiyi vədlərə heç vaxt mənfi təsir göstərmədi.
Cənab Məsud Pezeşkianın prezident seçilməsi ilə, iki ölkənin prezidentləri arasında telefon danışıqlarının aparılması və ölkələrimiz arasında çoxsaylı yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə hazırda demək olar ki, İranla Azərbaycan arasındakı münasibətlər öz doğru yoluna qayıdıbvə hətta əvvəlkindən daha da güclü olub".
Seyid Cəfər Ağayi Məryan vurğulayıb ki, İran COP29 sammiti ilə bağlı logistika avadanlıqlarının sürətli və asan transferinə şərait yaratmaqla və bu tədbirdə yüksək səviyyədə iştirak etməklə Azərbaycanın COP29 sammitinə ev sahibliyi etməsini, eləcə də müsbət səslə Azərbaycanın D-8 qrupuna üzv seçilməsini dəstəkləyib. Bu, iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsidir. Diplomat əlavə edib ki, 2024-cü ildə İranla Azərbaycan arasında ticarət əlaqələri ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artıb və bu sahədə iki ölkənin ticarət əlaqələrində yeni rekord qeydə alınıb. Nəqliyyat, energetika və sənaye sahələrində müxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası hazırda daha sürətlə davam etdirilir. İki ölkə arasında açılışı edilən və hazırda həyata keçirilən birgə layihələr, o cümlədən Şimal-Cənub dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi və terminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi və s. kimi infrastruktur və nəqliyyat sektorlarında həyata keçirilən layihələr İranla Azərbaycan arasında iqtisadi sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğundan xəbər verir. İran ötən üç onillikdə hətta bir gün belə fasilə vermədən qurudan və havadan Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən təhlükəsiz, asan və sərfəli çıxış imkanını təmin edib.
Baş nazirin müavini Şahin Mustafayev milli bayram münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb. Qeyd edib ki, Azərbaycan-İran dövlətlərarası münasibətləri xalqlarımız arasında tarixən mövcud olan dostluq və mehriban qonşuluqdan qaynaqlanır: "Hazırda Azərbaycan Prezidentinin İran Prezidentinə ölkəmizə səfərlə bağlı dəvəti mövcuddur ki, biz bu səfərin iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacağına əminik. Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması və dövlət suverenliyimizin tam bərpası ilə regionumuzda daha fəal əməkdaşlıq üçün əlverişli mühit yaranıb.Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığı müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub. Bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Bununla yanaşı bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Ticarət-iqtisadi əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox (32,7%) artıb. Prezidentlərimiz tərəfindən verilən tapşırıqlara uyğun olaraq bu istiqamətdə geniş potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlərimiz ardıcıl səylər göstərirlər. Cari ilin yanvar ayında, Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclası çox uğurla keçirildi. Əlaqələrimizin müxtəlif istiqamətlərdə yeni məzmunla zənginləşdirilməsiilə bağlı səmərəli müzakirələr aparıldı.
Əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsidir. 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23%-dən çox artıb. Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də Siyahrud-Ordubad avtomobil körpüsünün inşası regionun logistika potensialının artırılmasına xidmət edir. Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, habelə Astaraçay çayı üzərində yeni avtomobil və piyada körpüsünün tikintisi, Astara yük terminalının inşası və digər layihələr ölkələrimizin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionumuzun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb". Hökumət rəsmisi əlavə edib ki, bir çox digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var və mövcud potensialın reallaşdırılması istiqamətində səylərimizi davam etdirmək əzmindəyik.
Tədbir İran və Azərbaycan mətbəxindən ibarət şam yeməyi, maraqlı konsert proqramı və coşqun rəqslərlə davam edib.