23 fevral Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində "Nəğməmə inan" tamaşası nümayiş olunub. "Nəğməmə inan” musiqili komediyası Mixail Şerbaçenkonun pyesi əsasında Azərbaycanın Xalq Artisti Polad Bülbül oğlu tərəfindən yazılmışdır.
Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edirlər. Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.
Tamaşa bir birini sevən, yaradıcı insanlardan bəxs edir. Tatyana və Sərvər tələbə vaxtında ayrılsalarda, musiqi festivalı onları yenidən birləşdirir. "Nəğməmə inan" tamaşaçıları laqeyd qoymayan parlaq musiqi, orijinal yumor, kəskin süjet incəlikləri ilə doludur. Xatırladaq ki, 5 mart Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Xalq Artisti Polad Bülbül oğlunun 80- illik yubileyinə həsr olunmuş " Qorxma biz səninləyik" tamaşasının premyerası baş tutacaq.