6 mart Meksikanın Azərbaycandakı səfirliyində “At the Pacific Alliance Hall”da Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə Azərbaycan rəssamı Aydan Məmmədovanın əsərləri nümayiş olunub. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Açılış mərasimində Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalero qonaqları salamlayıb. Diplomat Aydan Məmmədovanın sərgisindən, eləcə də narla bağlı maraqlı əfsanələrdən, onun Azərbaycan mədəniyyətindəki rolundan danışıb. "Aydan Məmmədova rəsmlərində Azərbaycan mədəniyyətinin simvolu sayılan, eyni zamanda öz rənginə görə Meksika mədəniyyətinin simvolu olan narı göstərir. Ona görə də onun əsərləri ilə biz mədəni dəyərlərimizin müəyyən qarışığını, müəyyən qaynaşmasını göstərmək istədik", - Mariya Viktoriya bildirib.
Diplomat zərif cinsin nümayəndələrini Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, müasir cəmiyyətdə və dünyada qadınların rolunu qeyd edib. Sonra A.Məmmədovanın yeni rəsm əsərin təqdimatı olub. O, Meksika mövzusuna həsr etdiyi "Çili bibəri, yoxsa nar?" əsərini səfirə hədiyyə edib.
Aidan Məmmədova “AYDANI” qalereyasının direktoru, Rəssamlar İttifaqının üzvüdü. Onun əsərləri İspaniya, ABŞ, Türkiyə, İtaliya, Koreya, Portuqaliya, Dubay kimi bir çox ölkələrdə nümayiş olunub. Aydan Məmmədova İtaliyada diplom və YUNESKO-nun medalı ilə təltif edilib. Sərgidə Aydan Məmmədovanın NAR kolleksiyasından iyirmiyə yaxın rəsm əsəri nümayiş olunub.