Rus Dram teatrının səhnəsində “Hamlet” tamaşasının premyerası baş tutdu

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində martın 7-9-da Uilyam Şekspirin ölməz “Hamlet, Danimarka şahzadəsi” pyesi əsasında hazırlanmış “Hamlet” tamaşasının premyerası baş tutdu.

Quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovski olduğu tamaşanın quruluşçu rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq dizayneri Nikolay Rudıçev, bəstəkarı Anar Yusufov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, vizajçı Yekaterina Maşkovadır. Tamaşada baş rolları Əməkdar artistlər Murad Məmmədov (Klavdi), Teymur Rəhimov (Hamlet), Salman Bayramov (Poloni), Həcər Ağayeva (Qertruda), Mariya Dubovitskaya (Ofeliya) və teatrın digər aktyorları ifa etdi.

"Hamlet" Şekspirin ən məşhur faciələrindən biridir. Bu əsər dərin obrazları, mürəkkəb xarakterləri və gərgin dramaturgiyası ilə tamaşaçını valeh edir. Ölməz klassika olan bu tamaşada saray intriqaları həyat və ölüm haqqında fəlsəfi düşüncələrlə birləşir. Şahzadə Hamlet atasının hiyləgərcəsinə öldürüldüyünü öyrənəndə xəyanət və yalan burulğanına düşür. Onun yolu təkcə intiqam arzusu deyil, həm də insan varlığının mahiyyəti üzərində dərin düşüncələrdən ibarətdir.

Bu tamaşa Şekspir dövrünün ruhuna sadiq qalaraq, sevgi, hakimiyyət və şərəf kimi əbədi mövzuları canlandırır. Premyera böyük anşlaqla keçdi. Tamaşaçılar klassik faciənin dünyasına tam şəkildə qərq olaraq, orijinal atmosferdən zövq aldılar.