Qala Qoruğunda “Bahar sədası” adlı Novruz şənliyi keçirildi

18 mart Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda möhtəşəm “Bahar Sədası” Novruz şənliyi keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbir baharın gəlişini qeyd edənlər üçün unudulmaz anlar yaşadıb. Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhid ailələri, qazilər və rayon ağsaqqalları iştirak edirdi.

Şənliyə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, peşə məktəbləri də qoşulmuşdu. Gün boyunca Peşə məktəblərinin nümayəndələri öz bacarıqlarını sərgilədi, sənətkarlar bazarında əl işləri təqdim olundu, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri nümayiş olundu.

Burada qonaqlar üçün milli boyama dərsləri, taxıl pannosu, amulet və talisman hazırlanması, parçadan kuklalar, kətan üzərində rəsm çəkmə, kukla teatrı və kitab məclisi kimi interaktiv ustad dərsləri təşkil olundu. Bundan başqa  milli şirniyyatların hazırlanmasını izləyərək, ustaların hazırladığı ləziz təamları dadaraq musiqi və rəqs nömrələrini izləmək, novruz ənənələrinin canlandırıldığı şənlikdə meydanı bəzəyən tonqallar, xalq oyunları və rəngarəng tədbirlər hər kəsə bayram sevincini yaşatdı.