“Ledi Maqbet” Azdramanın səhnəsində

Martın 27-də, Akademik Milli Dram Teatrında “Ledi Maqbet” tamaşasının nümayişi baş tutub. Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibəti ilə benefist tamaşadır. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır.

Tamaşada Xalq artisti Bəsti Cəfərova (Ledi Makbet), əməkdar artist Elşən Rüstəmov (Makbet), xalq artisti Sabir Məmmədov, əməkdar artist Məsmə Aslanqızı, aktrisa İlahə Həsənova, aktyor Elnur Qədirov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Elçin Nurəliyev, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmli iştirak edir.

Rejissor Nicat Kazımov U. Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi, tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir. Maqbetin Dunkanı öldürməsi geri dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar. Nəhayət Maqbetin Kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır.

Tamaşa böyük anşlaqla keçib.