Teatr O2 məkanında “Quzğun” tamaşasının premyerası keçirilib

4 aprel teatr O2 məkanında “Quzğun” sözsüz audiovizual tamaşasının premyerası keçirilib. Tamaşa multimedia rəssamı Çingiz Babayevin əsərlərinin motivləri əsasında hazırlanıb. İdeya müəllifləri və rejissor - Konstantin Soldatovdur.
Qeyri-adi tamaşada baş rolu rəssam Çingiz Babayev ifa edir. Tamaşa teatrın foyesində başlayır. Burada yaradıcılığı bir janrın və ya incəsənət növünün hüdudlarından çox-çox kənara çıxan çoxşaxəli rəssam Çingiz Babayevin əsərləri nümayiş olunur. O, müasir incəsənət sahəsindəki təcrübələri və konseptual xalçalar ilə tanınır, burada ənənəvi sənətkarlıq müasir incəsənətin təsiri altında transformasiya edilir.
Burada tamaşaçıların gözü qarşısında canlı instalyasiyalar yaranır. “Quzğun” azadlığın dəyəri haqqında audiovizual hekayədir. Qara qarğalardan ibarət naxışların tək bir hərəkətə qovuşduğu, sürünün sarsılmaz qanunlara tabe olaraq bir istiqamətə uçduğu bir dünyada tək-tənha ağ quzğun peyda olur. O, ümumi ritmə uyğun gəlmir, sürüyə qalib gəlməyə cəhd etmir – bu, mümkün deyil. Amma o, məğlub ola da bilməz, çünki onun mübarizəsi döyüş deyil, çıxış yolu axtarışıdır...

Foto: Alla Polonskaya