Aprelin 6-da Opera Studiyasının səhnəsində bəstəkar Cavanşir Quliyevin yubiley yaradıcılıq gecəsi keçirildi. Cavanşir Rəhim oğlu Quliyev (22 noyabr 1950, Nuxa) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir, “Fəryad”, “İtkin gəlin”, “Aşıq Qərib” və s. filmlərin və teatr tamaşalarının musiqilərinin bəstəkarı, beş yüzdən çox mahnının müəllifidir.
Maestronun sevimli mahnıları və məşhur qonaqlar tamaşaçılara sehrli musiqi bayramı bəxş etdilər. Yubiley konsertinin aparıcısı Azərbaycanın əməkdar artisti Sənubər İsgəndərli oldu. Gecə bu il 30 yaşı tamam olan Sənubər İsgəndərlinin “Məhəbbət olmayanda” klipi ilə açılıb.
Konsertdə Cavanşir Quliyevin yeni və köhnə, hit olan mahnılarnı Leyla Rəhimova, Lalə Məmmədova, Arzu Həsənova, Pərviz İbrahim, Zabitə Əliyeva, Vüsal İsrafilov, Şölə Səfərəliyeva, Səidə Sultan, Mətanət Əsgərova ifa etdilər. Gecə anşlaqla keçdi, tamaşaçılar sevimli bəstəkarı sürəkli alqışlarla qarşıladılar.