Aprelin 18-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssam, kitab illüstratoru, yazıçı Katya Sokolova-Zızakın uşaqlar üçün qələmə aldığı, nəfis rəsmlərlə tərtib etdiyi “Sehrli xalçanın axtarışında” kitabının təqdimatı və müəlliflə görüş keçirilib.
K. Sokolova Zızak Moskva şəhərində rəssam və kolleksioner ailəsində dünyaya gəlib. Babası tanınmış sovet rəssamı Nikolay Sokolov məşhur “Kukrınikslər” yaradıcı qrupunun üç üzvündən biri idi. 1980-ci ildən fəal yaradıcılıqla məşğul olan Sokolova-Zizak 250-dən çox qrup sərgisinin, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. İndiyə kimi 35 fərdi sərgisi keçirilmiş rəssamın əsərləri Rusiya, Fransa, Almaniya, Finlandiya, Hindistan, ABŞ, Çilidəki muzey və şəxsi kolleksiyalarda saxlanılır. 1986-cı ildən Polşada yaşayan və bu ölkənin Rəssamlar İttifaqının üzvü olan müəllif, 2012-ci ildə Polşa incəsənətinə verdiyi töhfəyə görə “Labor Omnia Vincit” medalı ilə təltif olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq kitabın yaranma tarixindən, dəyərli məziyyətlərindən, K.Sokolovanın milli incəsənətimizə olan böyük marağından söz açıb. Daha sonra sənətşünas, fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daiminin kuratorluğu ilə davam edən tədbirdə K.Sokolova müəllifi olduğu kitab, eləcə də həyat və yaradıcılığı ilə bağlı auditoriyanın ona ünvanladığı sualları cavablandırıb. O, həmçinin öz çıxışında təqdimatın və oxucularla səmimi görüşün təşkilinə görə Azərbaycan Milli İncəsənət Muzeyinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, kitab iki dost pişiyin sehrli xalça və bu qədim sənətin sirləri axtarışında Bakıya səyahətlərindən bəhs edir. Macəra və əyləncə dolu nağılvari hekayədə Azərbaycan xalçalarının qədim və rəngarəng dünyası əksini tapıb. Xalça ornamentləri, simvollar və balacaların zövqünü oxşayan rənglər vasitəsilə təqdim olunan bu dünyanın hər bir səhifəsi həm maarifləndirici, həm də estetik cəhətdən xüsusi dəyər kəsb edir.