“Arşın mal alan" II Beynəlxalq Opera Festivalını açdı

23 aprel Opera Studiyasının səhnəsində rejissor Hafiz Quliyevin quruluşunda “Arşın mal alan” operettasının nümayişi keçirilib. Tamaşa Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının açılış mərasimində baş tutub. Cahan xala rolunu Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, Sultanbəy rolunu ölkənin Əməkdar artisti, opera teatrının solisti Fərid Əliyev, Vəli rolunu respublikanın Əməkdar artisti, opera teatrının artisti Tural Ağasıyev, Əsgər rolunu vokalçı, Yuğ teatrının aktyoru Vüqar Hacıyev ifa ediblər. Tamaşada gənc opera müğənniləridə yer alıb - Aysu Əliyeva, Rauf Məmmədzadə, Röya Əliyeva, Şaxirə Rzayeva. 

Opera festivalının təşkilatçısı, Xalq artisti Fidan Hacıyeva festivalın niyə “Arşın mal alan” operettası ilə açılmasına qərar verilməsindən jurnalistlərə danışıb: “Bu il Üzeyir Hacıbəyliyə həsr olunub. Festivalı məhz bu dahi bəstəkarın əsəri ilə açmaq mənim üçün vacib idi. Tamaşada gənc opera müğənniləri, tələbələrim, mənim vokal məktəbimin tələbələri iştirak edirlər. Mən həmişə istəmişəm ki, tələbələrim mənimlə birlikdə çıxış etsinlər. Məqsədim gənc opera müğənnilərini və klassik ifaçıları böyük səhnələrə çıxarmaqdır. Bu, mənim missiyamdır. Məhz bu məqsədlə mən gənc istedadlıları, vokalçıları Opera Festivalında iştirak etməyə cəlb edirəm".

II Beynəlxalq Opera Festivalı aprelin 29-dək davam edəcək. Bu müddət ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış xarici və azərbaycanlı ifaçıların, o cümlədən gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası gənc istedadlıların iştirakı ilə konsertlər təşkil olunacaq.

Foto: Rüstəm Qasımov