"Əliqulu bu gün evlənir" Musiqili Teatrın səhnəsində

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında, Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda hazırlanan "Əliqulu bu gün evlənir" komediyası nümayiş olunub. Dövrümüzlə səsləşən, maraqlı və dinamik süjet xətti olan komediyanın bəstəkarı Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğludur.

Səhnə əsərində İlham Namiq Kamalın ifasında təqdim olunan Əliqulu obrazının timsalında vəzifə düşkünləri satira və gülüş hədəfinə çevrilir. Vəzifəpərəst Əliqulu vəzifəsini itirməmək üçün, qoca yaşında evlənmək sevdasına düşərək.özünü gülünc vəziyyətə salır. Tamaşada biz Əliqulu və onun kölgəsi Səfərin vəzifə uğrunda apardıqları mübarizəyə ilə yanaşı sağlam düşüncə sahibi olan insanların ürəkaçan fəaliyyətlərinin də  şahidi oluruq. Qumral vəzifəpərəst və karyerist Əliqulunun qızıdır, amma atasına bənzəmir, o varlı olmayan Kamalı sevir və onunla ailə qurmaq istəyir. Təbii, Əliqulu buna razılıq vermir. İşdən çıxarılan Əliqulunun Səfərin məsləhətinə möhtac qalır. Səfər Əliquluya əmisi nazirlikdə işləyən Nazlıya elçi düşüb, ona eşq elan etməsini məsləhət görür. Vəzifə üçün hər bir vaistədən istifadə edən Əliqulu buna görə "təmirə getməyə" belə razılaşır. O, səhvən evli bir qadın olan Nazlıya elçi düşüb, evlənmək xəyalına düşür. Bütün işlər bir-birinə qarışır. Guya Əliqulunun toyu olmalıdır. Amma, Əliqulu ilə Nazlının toyu deyil, Kamalla Qumralın toyu olur və sevgi qalib gəlir.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri Fidan Əliyevadır.

Tamaşada Xalq artisti İlham Namiq Kamal ilə yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə (Rövşən), İqrar Salamov (Səfər), Prezident mükafatçısı Səmədzadə Xasiyev (Kamal), aktyorlar Zemfira Əbdülsəmədova (Gövhər), Rəsmiyyə Nurməmmədova (Humay), Gülçöhrə Abdullayeva (Səadət), Əliməmməd Novruzov (Xəlil), Gülnarə Əzizova (Nazlı), Ruslan Mürsəlov (Azad), Böyükxanım Məmmədova (Heyvaxanım), Mehriban Rəcəbova (Lumuxanım), Əzizəxanım Kazımova (Qumral), həmçinin xor və balet artistləri iştirak edirlər.