OneRepublic Bakıda çıxış edib

Aprelin 28-də məşhur Amerika “OneRepublic” qrupunun çoxdan gözlənilən konserti keçirilib. Konsert “The Artificial Paradise” dünya turnesi çərçivəsində “Baku Crystal Hall”da baş tutub. GRAMMY® mükafatına namizəd olan OneRepublic qrupu vokalist və bəstəkar Ryan Tedder, gitaristlər Zach Filkins və Drew Brown, klaviatura ifaçısı Brian Willett, basçı və violonçel ifaçısı Brent Kutzle, həmçinin nağara ifaçısı Eddie Fisherdən ibarətdir.

Qrupun məşhur vokalçısı Rayan Tedder tamaşaçıları azərbaycanca salamlayıb: “Salam! “Necəsiz?” O qeyd edib ki, Azərbaycan qrupunun çıxış etdiyi 91-ci ölkədir: “Bakı çox gözəl və qonaqpərvər şəhərdir. Konsertlə burada olmaqdan çox şadıq. Bir çox dünya sənətçiləri bura qastrol səfərinə mütləq gəlməlidirlər!"

Konsert proqramına məşhur «Rescue Me», «Secrets», «Good life», «Run», «Lose somebody», «Runway», "Counting Stars", "Apologize", "Stop and Stare" hitləri, həmçinin yeni "Artificial Paradise" albomundan mahnılar səslənib. Gecədə diqqət çəkən məqam Rayanın dünya ulduzları üçün yazdığı mahnıları ifa etdiyi musiqi bloku oldu.

Qrupun solisti Rayan Tedder Azərbaycanın paytaxtında olarkən İçərişəhərdə gəzib və həyatında ən yaxşı kabablardan birini dadıb. "Bakı bu gün zirvədə idi. Siz heyrətamizsiniz. Biz bura mümkün qədər tez qayıtmaq istəyirik!" - Rayan Tedder Baku Crystall Halldakı konsertlə bağlı təəssüratlarını bölüşdü. OneRepublic-ın konserti Bakının mədəni həyatı üçün mühüm musiqi hadisəsinə çevrildi.