30 aprel məşhur italyan tenoru Alessandro Safina Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. Onu səhnədə Qara Qarayev adına Azərbaycan kamera orkestri müşayiəti edib.
Alessandro Safina hələ uşaqlıqda musiqi ilə maraqlanırdı. O, 17 yaşında Florensiyada konservatoriyaya daxil olur və bir neçə ildən sonra Avropanın ən yaxşı musiqi teatrlarında solistlik edirdi. Safinanı dünya şöhrətli edən unikal bir səs, təbii cazibə və yaradıcı cəsarəti oldu. Alessandro dünyaya Sara Braytman, Elton Con, Yuen Makqreqor, Barbara Hendrix, Sumi Ço ilə gözəl duetlər hədiyyə etdi. Bundan əlavə, o, kinoya çəkilir və Baz Lurmanın "Moulin Rouge"-u da daxil olmaqla, filmlərin soundtrack-lərinin yazılmasında iştirak edir.
Alessandro Safina konsertdə tamaşaçılara unudulmaz anlar yaşadıb. O, iki saatlıq konsert proqramında azərbaycanlı pərəstişkarlarına “Incanto”, “Memories”, “La Nave Va”, “Al Di La” və digər məşhur mahnılarını təqdim edib.
Konsertin sonunda tanınmış müğənni ən sevilən “Luna” hitini səsləndirib.