Bakıda Beynəlxalq Xalça Festivalı keçirildi

2-4 may Bakıda Beynəlxalq Xalça Festivalı baş tutdu. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival 2 may tarixində Beynəlxalq Xalça Forumu ilə açıldı. Forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirdi. Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olundu. Bakı Biznes Mərkəzində keçirilən Beynəlxalq Xalça Forumunda qədim xalçaçılıq sənətinin incəliklərinə və sənayenin inkişafına dair mövzular müzakirə olundu.

3 - 4 may İçərişəhərdə böyük təntənə ilə Beynalxalq xalça festivalı baş tutdu. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və bir çox digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları iştirak edirlər. Festival çərçivəsində ziyarətçiləri  əyləncə proqramı, rəngarəng konsertlər silsiləsi, müxtəlif müasir  xalça sərgiləri, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar gözləyirdi. Festivala baş çəkən hər bir kəsi “Azərxalça” ASC-nin ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 emalatxanadan dəvət olunmuş 28 toxucu qadın xalçaçılıq sirlərini bölüşüb, ustad dərslərinə qonaq ediblər.

Festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür.