Bakıda Polşa-Litva Birliyinin 1791-ci il mayın 3-də qəbul edilmiş Konstitusiyasının 234-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Rəsmi şəxslərin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Polşanın dövlət himnləri səsləndirilib.
Polşanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Pavel Radomski konstitusiyanın yaranmasından və əhəmiyyətindən söz açıb. “Biz 3 may konstitusiyasının ildönümünü ona görə qeyd edirik ki, o, polyaklar, litvalılar və Birliyin bir hissəsi olmuş bütün digər xalqlar üçün böyük dəyər daşıyan ümumi tarixi irsi simvollaşdırır. Bundan əlavə, konstitusiyanın əsas məqsədi - dövlət strukturlarını və səmərəliliyini, habelə vətəndaşların azadlıq və hüquqlarını gücləndirməkdə bu gün də bizi ölkəni idarə etmək üçün cəsarətli və məsuliyyətli iş naminə ruhlandırır” deyən diplomat Polşa-Azərbaycan əlaqələrindən söz açıb. Bildirib ki, iki ölkə arasında tərəfdaşlığı gücləndirmək üçün siyasi məsləhətləşmələr keçirilir, iqtisadi komissiyaların iclasları kimi mexanizmlərdən səmərəli istifadə olunur. Onun sözlərinə görə, Varşava və Bakının bir çox beynəlxalq məsələlərə baxışı oxşardır, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq etmək əzmindədirlər. Diplomat vurğulayıb ki, Polşa bərpa olunan, yaşıl resursların artan rolu ilə Avropa bazarını enerji ilə daha da təmin etməkdə Azərbaycanın böyük
Diplomatik missiyanın rəhbəri bildirib ki, Polşanın Avropa İttifaqı Şurasına sədrliyi təhlükəsizliklə bağlı olsa da, digər məsələlər də onlar üçün vacib olaraq qalır. Onlardan biri qlobal arenada rəqabətqabiliyyətli oyunçu kimi Aİ-nın dinamik iqtisadi inkişafını təmin etməkdir. Günümüzdə sürətlə dəyişən dünyada innovasiyaların mühüm əhəmiyyət kəsb etdiyini deyən diplomat xatırladıb ki, Polşanın keçmiş nailiyyətlərini və innovativ texnoloji həllər hazırlamaq bacarığını göstərmək üçün hazırda foyedə “Dünyanı dəyişən Polşa ixtiraları” adlı sərgi nümayiş olunur ki. Burada XIX-XX əsrlərdə yaşayan polyakların bir neçə mühüm elmi kəşfləri və texniki ixtiraları diqqətə çatdırılır. Sonda cənab Radomski, Polşanın Azərbaycanın gələcək dinamik inkişafı, bütün Cənubi Qafqaz regionunun dinc və uğurlu inkişafı üçün arzularını çatdırıb. “Ümid edirəm ki, qarşıdakı aylar və illər Polşa ilə Azərbaycan arasında ölkələrimizin potensialına və ambisiyalarına uyğun olaraq səmərəli əməkdaşlıq dövrü olacaq”, - o, fikrini tamamlayıb.
Azərbaycan hökuməti adından təbrik nitqi söyləyən xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Azərbaycanla Polşa bundan sonra da birgə səylərlə əlaqələri möhkəmləndirəcək və inkişaf etdirəcək. “Azərbaycanla Polşa arasında münasibətlər yaxşı tarixi ənənələrə əsaslanır. Polşa Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini ilk tanıyanlardan biri olub və o zaman Bakıda Polşanın konsulluq idarəsi fəaliyyət göstərib”, - o qeyd edib. Nazir müavini polyakların AXC-nin həyatında fəal iştirak etdiyini, XIX əsrin sonu-20-ci əsrin əvvəllərində Bakının memarlıq simasının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Polşalı mühəndislər həmçinin Azərbaycanın neft sənayesinin inkişafına töhfə veriblər. Müstəqilliyin bərpasından sonra Polşa ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələr qurulub. Bu illər ərzində ölkələr arasında qarşılıqlı hörmət və etimada əsaslanan sıx əlaqələr qurulub, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq inkişaf edib”, - Rzayev bildirib.
O, 2017-ci ildə Azərbaycan ilə Polşa arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin və iqtisadi əməkdaşlığa dair yol xəritəsinin imzalandığını, xarici işlər nazirlərinin ötən il BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşdüyünü və bu ilin əvvəlində telefon danışığı apardıqlarını xatırladıb. “Bakıda həmçinin strateji tərəfdaşlığa dair məsləhətləşmələr də keçirilib. Bütün bunlar davam edən siyasi dialoqumuzun göstəricisidir. Ölkələr arasında iqtisadi əlaqələr inkişaf edir. İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Varşavadakı Azərbaycan Ticarət Evi və Bakıdakı Polşa Sərgi Evi də bu tərəqqiyə öz töhfəsini verir. Regionlararası əməkdaşlıq, humanitar sahədə, elm, mədəniyyət və təhsil sahələrində mübadilələr davam edir. 2023-2024-cü tədris ilində Polşada 4 minə yaxın azərbaycanlı tələbə təhsil alıb”, - o əlavə edib.
Tədbir qeyri-rəsmi hissə ilə davam edib.