Cahangir Cahangirov adına Xorun konserti

Beynalxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xorun konserti keçirilib. Konsert proqramı Ümumilli lider Heydər Əliyev sarayın əziz xatirəsinə həsr olunub. Xor bu dəfə tamaşaçıların görüşünə fərqli repertuarla gəlib, konsertdə Heydər Əliyevin sevimli xalq və azərbaycan bəstəkarların mahnıları səslənib. Xorun bədii rəhbəri və dirijoru, Əməkdar müəllim - Təranə Yusifova.

Konsertdə çıxış edən Təranə xanım müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. O diqqətə çatdırıb ki, Ulu Öndər yalnız siyasət və dövlət idarəçiliyi sahəsində deyil, həm də Azərbaycan mədəniyyətinin formalaşmasında və yüksəlişində müstəsna rol oynamış liderlərdəndir. Xorun ifasında bir-birindən maraqlı repertuar təqdim olunub. Konsertin sonunda xor Əməkdar Artist Eyyub Yaqubovla birgə "Xudayar təsnifi"ni səsləndirib.

Xatırladaq ki, Azərbaycanda xor sənətinin yaranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Hazırda Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə Üzeyir bəy tərəfindən yaradılıb. Kollektivə bir müddət bəstəkarın özü rəhbərlik edib, bir müddət sonra isə kollektivə rəhbərliyi gənc bəstəkar Cahangir Cahangirova həvalə edib. Üzeyir bəy Azərbaycan xalq mahnılarını xor üçün işləyərək gənc bəstəkarlara da bu işi davam etdirməyi tövsiyə edib. Uzun illər Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivi olmuş kollektivin sənət yolunda Xalq artisti Ramiz Mustafayevin də böyük əməyi var. O, 50-ci illərdən ömrünün sonunadək xorun bədii rəhbəri olub. Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.