“Meksika kuklaları” adlı fotosərginin açılışı

Azərbaycan Dövlət Kukla Teatrında maraqlı və məzmun baxımından zəngin olan “Meksika kuklaları” adlı fotosərginin açılışı oldu. Layihənin müəllifi tanınmış fotoqraf və art-kurator Aydın Sadıxovdur. Bu layihənin təşkilatçısı Meksikanın Azərbaycandakı səfirliyidir. Layihənin əsas məqsədi Meksikanın zəngin mədəni irsini, xüsusilə də kukla sənətinin yaranması və inkişaf tarixini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır. Tədbirdə ölkəmizə akkreditə olunmuş bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, səfirlik nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələrinin iştirak edirdilər.

Qonaqları salamlayan Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirdi, sərginin yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Kukla Teatrı rəhbərliyinə təşəkkürünü bildirdi: “Biz hər zaman mədəniyyəti xalqları birləşdirən körpü hesab etmişik. Bu sərgi çox maraqlı və əhəmiyyətlidir. Bu günün əsas mövzusu Meksika kuklalarıdır. Hesab edirəm ki, uşaqlar üçün də çox maraqlı və öyrədici tədbirdir”.

Sərginin müəllifi, rəssam Aydın Sadıqov tədbirin ideyasının təqribən üç il əvvəl yarandığını və bu layihəyə də ilk dəstəyin həm də Kukla Teatrından gəldiyini dilə gətirdi: “Meksikadan əvvəl Çexiyanın kukla sənəti ilə maraqlanmışam. Meksikanın qədim tarixi və rəmzlərini bu kuklalar vasitəsilə təqdim etmək maraqlı təcrübədir. Burada döyüşçüləri, inancları və emosiyaları əks etdirən fiqurlar yer alıb. Onu da deyim ki, bundan əvvəl də Polşa kukla sənəti ilə bağlı məhz bu məkanda maraqlı bir sərgimiz baş tutdu”.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə dedi ki, kukla teatrı müxtəlif xalqların bədii nümunələri ilə yanaşı kukla sənəti incilərinin də zaman-zaman tamaşaçı qarşısına çıxarılmasına maraq göstərir: “93 illik tarixi yol keçən Azərbaycan Dövlət Kukla Teatrı milli ədəbi nümunələrimiz ilə yanaşı dünya xalqlarının bədii irsini də, ədəbi nümunələrini də teatrın, səhnənin özünəməxsus ifa üslubu ilə yetişən nəsillərə çatdırmağa çalışır. Bu sərgi də bizim bu mənada marağımızı cəlb edən aksiyalardandır. Qeyd olunduğu kimi, bundan öncə dost Polşa Respublikasının kukla sənəti ilə bağlı dolğun bir sərgiyə ev sahibliyi etdik. Sənət, mədəniyyət, ümumiyyətlə incəsənətin bütün qolları xalqların, dövlətlərin mədəni mübadiləsində mühüm əhəmiyyətə malikdir”.

Milli Məclisin deputatı, Azərbaycan - Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva sərginin ölkələrarası mədəni əməkdaşlığa xidmət etdiyini qeyd etdi, belə aksiyaların davamlı olmasını arzuladı: “Bu, Meksika səfirliyinin növbəti uğurlu layihəsidir. Belə təşəbbüslər hər iki ölkənin qədim incəsənətinin tanıdılmasına və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Dövlət Kukla Teatrı isə öz missiyasına uyğun olaraq bu cür layihələri uğurla reallaşdırır və sözsüz ki, sənət ocağı olaraq balacaların teatr, böyük səhnə sənəti ilə ilkin təmasını ustalıqla təmin edir”.

Daha sonra Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero xatirə hədiyyələrini təqdim etdilər. Tədbir çərçivəsində məktəblilər Meksika mədəniyyətinə uyğun rəqs nümunələri göstərdilər. Sonra qonaqlar foto və kuklalardan ibarət rəngarəng sərgi ilə tanış oldular.

“Meksika Kuklaları” sərgisi — Meksika xalqının tarixi, inancı, birliyi və ruhunu əks etdirən kuklalar vasitəsilə bu ölkənin zəngin mədəniyyətinə vizual bir səyahətdir. Layihənin mərkəzində tanınmış fotoqraf Aydın Sadıxovun bir il ərzində ərsəyə gətirdiyi unikal fotosessiyalar silsiləsi dayanır. Bu fotosessiyalarda müxtəlif növ və üslubda Meksika kuklaları lentə alınmışdır. Hər çəkilişdən öncə fotoqraf kuklaların tarixi, regional xüsusiyyətləri və mədəni mənası ilə bağlı dərin tədqiqat aparmışdır.

Meksika kuklası – sadəcə oyuncağı deyil, əsrlərlə ailədən ailəyə ötürülən qədim ritualların, ailə tarixlərinin və xalq folklorunun daşıyıcısı olan sənət nümunəsidir. Bu kuklaların parlaq və zəngin geyimlərində qədim sivilizasiyaların və ölkənin müstəmləkə dövrünün izləri, üz ifadələrində isə sevinc, ümid və güc əks olunur. Fotoqrafın obyektivindən baxıldıqda bu kuklalar canlı obrazlara çevrilir – hər biri özünəməxsus hekayəsi və səsi olan qəhrəmandır. Meksikada kukla sənətinin tarixindən danışarkən arxeoloji məlumatları da xatırlamaq vacibdir. Qazıntılar nəticəsində məlum olub ki, bu ölkədə ilk oynaqlı kuklalar qədim dövrlərdən mövcuddur. Bu faktı eramızdan əvvəl 1300-cü ilə aid olan və hündürlüyü 40 santimetr təşkil edən beş gil “marionetka” sübut edir. Onlar qədim olmek mədəniyyətinə aiddir və Meksikada kukla sənətinin çox dərin köklərə malik olduğunu göstərir. Bu sərgi keçmişlə bu gün arasında qurulan bir dialoqdur. Onun məqsədi təkcə tamaşaçını valeh etmək deyil, həm də Meksikanın unikal mədəni irsinə maraq oyatmaq, qeyri-maddi mədəniyyətin müasir dünyada qorunub saxlanmasının vacibliyini xatırlatmaqdır. Sərgidə təqdim olunan fotolar sadəcə kuklaların təsviri deyil – burada mifologiya, folklor, milli qürur və ənənələrin müasir baxışla yenidən yozulması bir araya gələn vizual hekayələr toplusudur. Ekspozisiyanın mərkəzində üç əsas növ Meksika kuklası dayanır: LeLe kuklaları, Katrinalar və Luça Libre güləşçilərini (luçador) əks etdirən kuklalar.

Layihənin təşkilatçıları tədbir iştirakçılarına sərgidə nümayiş olunan bir sıra kuklaları canlı şəkildə görmək imkanı da yaradıb. Bu, tamaşaçılara bu qeyri-adi sənət növünə birbaşa toxunmaq fürsətini verir.